İQTİSADİYYAT
Doqquz ayda Gürcüstan Azərbaycandan 122,4 min ton neft məhsulları idxal edib
Tbilisi, 21 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 122,4 min ton neft məhsulları idxal edib. Bu da Gürcüstanın ümumi neft məhsulları idxalının 15,7 faizini təşkil edir. Azərbaycan bu göstərici ilə Gürcüstanın neft məhsulları idxal etdiyi ölkələr sırasında üçüncü yerdədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalatçıları İttifaqı (SİNQ) məlumat yayıb. Bildirilir ki, hesabat dövründə Gürcüstan ümumilikdə 779,4 min ton neft və neft məhsulları idxal edib. Bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz azdır. Cari ildə Gürcüstan ən çox Rusiyadan neft məhsulları idxal edib (231,7 min ton). İkinci yerdə 215,5 min tonla Rumıniya dayanır. Siyahıda 4–cü yerdə 87,9 min tonla Türkmənistan, 5-ci yerdə 68,3 tonla Bolqarıstan qərarlaşıb.
Hesabat dövründə Gürcüstan 403,4 min ton benzin, 376 min ton dizel yanacağı idxal edib.
Benzin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz, dizel yanacağının idxalı isə 8 faiz azalıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi