REGİONLAR


Gəncə şəhərindəki Şah Abbas karvansarayının bərpası başa çatmaq üzrədir VİDEO

Gəncə, 22 avqust, AZƏRTAC

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə öz müasirliyi ilə yanaşı, tarixi abidələri ilə də xarici turistlərin diqqətini cəlb edir. Belə abidələrdən biri də XVII əsrdə inşa edilən, memarı Şeyx Bəhaəddin İsfahani olan Şah Abbas karvansarayıdır.

Şəhərin mərkəzində yerləşən karvansarayda artıq 4 ildir ki, təmir-bərpa işləri aparılır. Abidədə əsas tikinti və bərkitmə işləri yekunlaşıb. Hazırda tikilinin daxilində restavrasiya işləri aparılır. Tikinti-bərpa işlərində Şəkidə istehsal olunan bir milyon ədəd qırmızı kərpic işlədilib.

İş icraçısı Şakir Əliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, təmir-bərpa işlərində XVII əsrdə olduğu kimi, əsasən əhəng və qum qarışığından istifadə edilir. Abidənin təbii aşınmalardan qorunması üçün tikili xüsusi şəffaf maye ilə izolyasiya olunub. Bundan başqa, sovetlər dönəmində bir neçə dəfə yöndəmsiz təmirə məruz qalan karvansarayın tarixiliyini qorumaq məqsədilə əvvəllər inşa edilən əlavə tikililər sökülüb.

İş icraçısı onu da qeyd etdi ki, tarixi abidənin restavrasiyası zamanı maraqlı məqamlar üzə çıxıb. Burada aşkarlanan döşəməaltı istilik sistemi Azərbaycan memarlarının zəngin biliyə malik olduqlarını deməyə əsas verir. Bundan başqa, karvansaraydan eyni dövrün yadigarları olan Çökək Hamama və Şah Abbas məscidinə yeraltı yol olub. Lakin müasir binaların tikintisi zamanı bu yolların əksəriyyəti sıradan çıxıb.

Öz unikal memarlıq üslubuna görə seçilən abidədə təmir-bərpa işləri başa çatdıqdan sonra ondan otel kimi istifadə olunması nəzərdə tutulur. Beləliklə də gələn il Gəncəyə gələn xarici turistlər bu tarixi abidə ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.