Gəncədəki Rus Pravoslav Kilsəsində ermənilərin raket zərbələrinin qurbanı olmuş şəhər sakinlərinin xatirəsi anılıb






Gəncə, 14 oktyabr, M.Əlioğlu, foto İ.Cəfərov, AZƏRTAC
Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsində Ermənistan ordusunun oktyabrın 11-də gecə saatlarında törətdiyi terror aktı nəticəsində həlak olmuş dinc sakinlərin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, kilsənin keşişi Denis Sotnikov həlak olanların və Azərbaycan şəhidlərinin ruhuna dualar oxuyub, Azərbaycan Ordusuna qalibiyyət arzulayıb.
Qeyd edək ki, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Dinc sakinlər hədəf alınıb, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəyib. Ordumuz düşmənin hücumlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatına başlayıb.
Ermənistan tərəfinin xahişi ilə oktyabrın 9-da Moskvada Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin görüşü keçirilib. On bir saat davam edən görüşün yekunlarında nazirlərin birgə bəyanatı qəbul edilib. Tərəflər oktyabrın 10-da saat 12.00-dan etibarən humanitar məqsədlərlə atəşkəs elan olunması barədə razılığa gəlsələr də, Ermənistan bu razılaşmanı kobud şəkildə pozaraq, oktyabrın 11-də gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncədə dinc əhalinin sıx məskunlaşdığı məntəqəyə “Skad” tipli (“Elbrus”) ballistik raket atıb. Nəticədə 5-i qadın olmaqla, 10 nəfər həlak olub. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 34 nəfər yaralanıb. Ondan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.