REGİONLAR


Gəncənin Şah Abbas karvansarasında aparılan bərpa işləri bu il tamamlanacaq

Gəncə, 15 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə orta əsrlərdə inşa edilmiş tarixi tikililərin ümumi cəhətlərini və memarlıq xüsusiyyətlərini özündə əks etdirən Şah Abbas karvansarasında aparılan bərpa işləri bu il başa çatacaq.

Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, XVII əsrin tarixi yadigarı olan Şah Abbas karvansarasının elmi əsaslarla bərpası məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ilk dəfə 2011-ci ildə “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutuna sifariş verilib. Elə həmin il institutun layihələndirməsi əsasında “İnşaat, təmir-tikinti və istehsal müəssisəsi” MMC tərəfindən abidədə bərpa işlərinə başlanılıb. Ötən müddətdə karvansaranın çatma tağlı, kirəmitli dam örtüyü dəyişdirilib, fasadın uçmaq təhlükəsində olan sağ divarı bərpa edilib, həmçinin binanın bütün hücrə və otaqları əvvəlki görkəminə qaytarılıb.

Ümumi sahəsinə görə Azərbaycan ərazisində ən böyük ticarət və mehmanxana mərkəzlərindən olan Şah Abbas karvansarası istifadəyə verildikdən sonra burada müxtəlif qalereya, muzey və mədəni mərkəzlər fəaliyyət göstərəcək. Binadan, həmçinin turizmin inkişafı məqsədilə istifadə ediləcək.

Qeyd edək ki, şəhər karvansaraları qrupuna daxil olan bu binanın tikintisinə Şah Abbas Səfəvinin göstərişi ilə 1606-cı ildə başlanılıb. Karvansaranın layihələndirilməsinə və tikintisinə Şərqin ən böyük memarlarından olan Şeyx Bəhaəddin Amili başçılıq edib. Bişmiş qırmızı kərpiclərin həmahəng nisbətindən yaradılan yaraşıqlı ikimərtəbəli bina 1613-1614-cü illərdə istifadəyə verilib. Dövrünün səyyah və tacirlərini öz gözəlliyi ilə heyran edən karvansarada 54 tək adamlıq, 15 böyük otaq, xəlvətxana, yeməkxana, çayxana, həmçinin digər məqsədlər üçün istifadə olunan otaq, dam və anbarlar var imiş. XVII-XVIII əsrlərdə Gəncədə ən nüfuzlu karvansara olub. Lakin, 1905-ci ildə ermənilərin Gəncə şəhərində törətdiyi qırğın zamanı bu karvansara da yandırılıb və abidə ciddi dağıntıya məruz qalıb. Sonradan abidədə nə qədər bərpa işləri aparılsa da, onu əvvəlki görkəmində bərpa etmək mümkün olmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.