Goranboyun Muzdurlar kəndindəki heyvandarlıq kompleksinin inkişafı üçün 5 milyon manat kredit ayrılıb
Goranboy, 21 iyun, Rauf Hacıyev, AZƏRTAC
Goranboyun Muzdurlar kəndində yerləşən “Türk Qida Sənaye” MMC-yə məxsus heyvandarlıq kompleksinin perspektiv inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən 5 milyon manat kredit ayrılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumi torpaq sahəsi 9 hektar olan kompleksin tikinti sahəsi 13 min 100 kvadratmetrdir.
Burada süd və ət istehsalı üçün 920 baş tutumlu iribuynuzlu heyvanlar saxlanılır. Müəssisənin gündəlik süd istehsalı 11-12 ton, illik ət istehsalı 60-70 ton təşkil edir. Layihənin ümumi dəyəri 4 milyon 250 min manatdır. Müəssisədə hazırda 56 nəfər çalışır.