REGİONLAR


Gürcü xalqının nümayəndəsi: Azərbaycan xalqını haqq işində hər zaman dəstəkləyirik

Qax, 26 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Ermənistan silahlı birləşmələri tərəfindən başlanan təxribatların qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar hamımızı ürəkdən sevindirir. Cəbhədən gələn qələbə xəbərlərini böyük sevinclə izləyirik. Azərbaycanda yaşayan digər azsaylı xalqların nümayəndələri kimi, biz gürcülər də bu ölkənin vətəndaşı olaraq, Azərbaycan dövlətini, xalqını bu haqq işində hər zaman dəstəkləyir, Vətən torpaqlarımızın erməni işğalından azad olunacağı günü böyük səbirsizliklə gözləyirik.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qax rayon Təhsil Şöbəsinin əməkdaşı, gürcü xalqının nümayəndəsi Şarmaz Tartaraşvili söyləyib.

Azərbaycanın ta qədimdən müxtəlif millətlərin, etnik qrupların mehriban şəraitdə yaşadığı bir məkan olduğunu vurğulayan təhsil işçisi burada yaşayan bütün xalqların nümayəndələrinin Azərbaycanı hər zaman öz doğma evləri kimi qəbul etdiklərini bildirib.

Ölkənin bütün vətəndaşları kimi, gürcülərin də hər zaman Azərbaycan xalqının yanında olduğunu, rəşadətli Azərbaycan Ordusunun zəfər yürüşünə ürəkdən sevindiklərini vurğulayan Şarmaz Tartaraşvili deyib: “Azərbaycan və gürcü xalqları əsrlər boyu mehriban dostluq şəraitində yaşayıblar. Aralarında heç zaman kin, ədavət olmayıb. Azərbaycan və Gürcüstan respublikaları arasında iqtisadi, mədəni və digər sahələrdə əlaqələr son illər özünün ən yüksək səviyyəsinə gəlib çatıb. Birgə həyata keçirilən beynəlxalq iqtisadi layihələr hər iki ölkənin sürətli inkişafına çox böyük təsir göstərir. Ermənistan isə monoetnik ölkədir və orada başqa millətlərin nümayəndələri yaşaya bilmir. Yüz illər boyu işğalçılıq siyasəti yürüdən bu terrorçu ölkə həmişə qonşularına qarşı ərazi iddialarında olub”.

Gürcü xalqının nümayəndəsi 30 ildir ki, erməni işğalı altında olan Qarabağ torpaqlarının Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və ordumuzun rəşadəti sayəsində tezliklə mənfur düşməndən təmizlənəcəyinə ürəkdən inandığını bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.