Hacıkənddə “Nizami Gəncəvi: sələflər və xələflər” muzeyi yaradılacaq
AzerTAg.az
Gəncə, 21 iyun, Rauf Hacıyev, AZƏRTAC
Gəncənin Hacıkənd qəsəbəsində “Nizami Gəncəvi: Sələflər və xələflər” muzeyi yaradılacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Hacıkənd qəsəbəsində parkın açılışında şəhər ziyalıları, qəsəbə sakinləri və ictimaiyyətin tanınmış nümayəndələri qarşısında çıxış edərkən deyib. Son illər Gəncədə bir çox tarixi abidələrin bərpa edildiyini, yeni muzeylərin, mədəniyyət mərkəzlərinin yaradıldığını, görkəmli ictimai-siyasi, mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirildiyini, həmçinin şəhərin qədim tarixinin, zəngin mədəniyyətinin təbliği istiqamətində böyük işlərin görüldüyünü deyən Elmar Vəliyev bildirib ki, bu cür tədbirlər sonra da davam etdiriləcək.
Şəhər icra hakimiyyətinin başçısı qeyd edib ki, Hacıkənd qəsəbəsinin mərkəzində yeni salınmış parkın ərazisi gələcəkdə daha da genişləndiriləcək. Parkın genişləndirilən ikinci hissəsində dünyanın qədim kitabxana və əlyazma institutlarında saxlanılan və həmin mənbələrdə adları qeyd edilmiş, Gəncə ədəbi-mədəni mühitinə aid olan digər görkəmli doqquz şəxsiyyətin heykəli ucaldılacaq. Parkda heykəli ucaldılmış dahi Azərbaycan şairi Nizami Gəncəvinin, həmçinin ondan əvvəl və sonra yaşamış şair və yazıçıların, alim və filosofların, tarixi və əfsanəvi qəhrəmanların haqqında dünyanın qədim kitabxana və əlyazma institutlarında, ayrı-ayrı mənbələrdə saxlanılan əsərlərin fotosurəti, eləcə də həmin dövrü əks etdirən bir çox tarixi eksponatlar bir yerə toplanaraq parkın yaxınlığında tezliklə tikintisinə başlanılacaq “Nizami Gəncəvi: sələflər və xələflər” muzeyində nümayiş etdiriləcək.






















Xəbərin mətnində orfoqrafik səhv var