MƏDƏNİYYƏT
İctimai telekanalda “Haribaldi ulduzunu gəzdirən partizan” filminin premyerası olmuşdur
Bakı, 1 mart (AZƏRTAC). İctimai telekanalda “Carçıfilm” Yaradıcılıq Birliyinin istehsalı olan “Haribaldi ulduzunu gəzdirən partizan” sənədli filminin premyerası olmuşdur.
Film İtaliya Müqavimət Hərəkatının fəal iştirakçısı, İtaliya ali hərbi mükafatları olan qızıl “Haribaldi ulduzu”, “Döyüş şücaətinə görə” ordeni ilə təltif edilmiş İtaliyanın Milli Qəhrəmanı Məmməd Səməd oğlu Bağırova həsr edilmişdir.
“Carçıfilm” Yaradıcılıq Birliyindən AZƏRTAC-a bildirmişlər ki, İsmayıllı rayonunun Baskal kənd sakini M.Bağırov Gürcüstanın Telavi şəhərində hərbi məktəbi bitirdikdən sonra Qərb cəbhəsinə - 57-ci Ordunun 317-ci atıcı diviziyasının 733-cü topçu alayına göndərilmişdir.
1942-ci ilin mayında Xarkov vilayətinin Barvinok şəhəri ətrafında yaralanaraq əsir düşmüşdür. 1943-cü ilin martında əsirlər eşelonu ilə Avstriyaya göndərilmiş, “Mauthauzen” həbs düşərgəsinin “Kluzen-2” filialında təsərrüfat işlərinə təyin edilmişdir.
1944-cü ilin yazında yaxınlıqda alman mühafizə dəstəsinin olmamasından istifadə edərək at arabasında İtaliyanın şimalına qaçmışdır. M.Bağırov 22-ci briqadanın Çinno Bozzi adına partizan dəstəsində, daha sonra “Ubaldo Fantaççi” dəstəsində pulemyotçu kimi döyüşmüşdür.
Məmməd Bağırov 1978-ci ildə döyüş yoldaşlarının dəvəti ilə İtaliyada olmuşdur. İtaliya Prezidenti Sandro Pertini ona “Haribaldi ulduzu”nu təqdim etmişdir.
Filmin ssenari müəllifi, “Partizan Luçano” və “Xarqo” filmlərinin ssenari müəllifi, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, rejissoru Taleh İsmayılov, operatoru Fərmail İsmayılovdur.
Filmə ümummilli lider Heydər Əliyevin İtaliyaya səfəri kinoxronikasından kadrlar daxil edilmişdir.
Filmin premyerasında İtaliyanın Azərbaycandakı səfirliyinin konsulu Marko Çito, “Azərbaycan Avropa Müqavimət Hərəkatında” kitabının müəllifi, politoloq və publisist Ruqiyyə Əliyeva, Məmməd Bağırovun oğlu və nəvəsi Mehdi və Kamil Bağırovlar, İtaliya Müqavimət Hərəkatının iştirakçısı Meşi Eliazov iştirak etmişlər.