İDMAN


İngiltərə Premyer Liqası: “Liverpul” səfərdə “Kristal Palas” klubunu məğlub edib

Bakı, 21 avqust, Nicat Məmmədov, AZƏRTAC

Avqustun 20-də İngiltərə Premyer Liqasının ikinci turuna “Kristal Palas”–“Liverpul” oyunu ilə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun son oyununda Məhəmməd Salahın komandası “Kristal Palas”ın qonağı olub. Oyun “mersesayd”lıların qələbəsi ilə yekunlaşıb (0:2).

Matçda hesab birinci hissənin son dəqiqəsində açılıb. Hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsindən sonra Ceyms Milner şansını əldən verməyib. Qarşılaşmanın 75-ci dəqiqəsində hakim "Kristal Palas" klubunun müdafiəçisi Van Bisakaya qırmızı kart göstərərək meydandan kənarlaşdırıb. Oyunda son nöqtəni "Liverpul" klubunun seneqallı oyunçusu Sadio Mane qoyub. Qapıçı ilə təkbətək qalan hücumçu adını tabloya yazdırıb - 0:2. Beləliklə, "Liverpul" klubu Premyer Liqada ardıcıl ikinci dəfə qələbə qazanıb.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının açılış turunda Yurqen Klopun yetirmələri "Vest Hem" klubunu (4:0), "Kristal Palas" isə səfərdə "Fulhem" (0:2) komandasını məğlub edib.

Növbəti turda "Liverpul" "Brayton"la, "Kristal Palas" isə "Votford" klubu ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.