İQTİSADİYYAT
İqtisadiyyat Nazirliyi: Daha 5 siyasi partiya ofis sahələri ilə təmin olunub
Bakı, 17 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, normal fəaliyyətin təmin edilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təmin olunması prosesi davam etdirilir.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidməti dekabrın 16-da daha 5 siyasi partiyaya ofis sahələrinin açarlarını təqdim edib. AĞ Partiya, Böyük Azərbaycan Partiyası, Milli Vəhdət Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Milli Həmrəylik Partiyasının nümayəndələri fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.
Beləliklə, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən son günlərdə artıq 10 siyasi partiya qeyri-yaşayış sahəsi ilə təmin olunub. Yaxın vaxtlarda digər siyasi partiyalara da ofis sahələrinin verilməsi nəzərdə tutulur.