REGİONLAR
İsmayıllıda molokanların məskunlaşdığı İvanovkada həmrəylik aksiyası keçirilib VİDEO
İsmayıllı, 14 oktyabr, AZƏRTAC
İsmayıllı rayonunun İvanovka kəndinin sakinləri - molokanlar Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarını, düşmənin dinc sakinləri hədəf almasını pisləyir və Ali Baş Komandan İlham Əliyevlə, Azərbaycan Silahlı Qüvvələri ilə həmrəylik nümayiş etdirirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əllərində üçrəngli Azərbaycan bayrağını, Azərbaycan Ordusu ilə həmrəylik şüarlarını tutan ivanovkalılar mərkəzi küçəboyu yürüş edərək, uca səslə “Qarabağ Azərbaycandır”, “Qarabağ bizimdir, bizim olacaq”, “Salam, əsgər”, “İvanovka sakinləri Azərbaycan ordusunu salamlayır” şüarını səsləndiriblər.
Aksiya iştirakçıları Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizədə Vətənin çağırışına hazır olduqlarını, döyüşlərə qoşulmaq istədiklərini bildiriblər.
Qeyd edək ki, hazırda erməni işğalçılarına qarşı döyüşən Vətən övladları arasında bir neçə nəfər ivanovkalı da var.
Ağsaqqallar aksiya çərçivəsində vətənpərvərlik nümayiş etdirərək Azərbaycan ordusuna qələbə arzulayıb, bunun üçün dualar edərək, Tanrıdan kömək diləyiblər.