İtaliyanın Baş naziri daşqınların baş verdiyi Emiliya-Romaniya regionuna səfər edib
AzerTAg.az

Roma, 21 may, AZƏRTAC
İtaliyanın Baş naziri Ciorcia Meloni təbii fəlakətin baş verdiyi Emiliya-Romaniya regionuna səfər edib.
AZƏRTAC xəbər verir ki, daşqınlar nəticəsində ziyan dəymiş bölgələrdə vətəndaşlar və könüllülərlə görüşən C.Meloni hökumətin fəsadların aradan qaldırılması üçün lazımi addımları atacağını bildirib. O, dəymiş ziyanın böyük olduğunu, bütün resursların səfərbər ediləcəyini, ilkin mərhələdə 10-20 milyon avro ayrılacağını deyib.
Regionda təkcə Ravenna bölgəsində 20 min olmaqla, ümumilikdə 26 min nəfər evini tərk etmək məcburiyyətində qalıb. Mülki müdafiə qüvvələri dörd mindən çox əməliyyat həyata keçirib. Bəzi bölgələrdə torpaq sürüşməsi təhlükəsi olduğu üçün hələ də dəmir yolları bağlı olaraq qalır.
Qarşıdakı günlərdə bölgədə əlverişsiz hava şəraitinin davam edəcəyi və qırmızı “Həyəcan” siqnalının elan olunması gözlənilir.
Kənd təsərrüfatı, fermalar, yarasız hala düşən avtomobil yolları və turizm sektoru daxil olmaqla dəymiş ziyan 5 milyard avro qiymətləndirilir. Ümumilikdə 400 min ton taxılın məhv olduğu, qarşıdakı 4-5 il ərzində meyvə-tərəvəz məhsullarının istehsalının çətin göründüyü bildirilib.
Qeyd edək ki, şiddətli leysan yağışlarından sonra baş verən sel və daşqınlar nəticəsində 14 nəfər həlak olub. C.Meloni Yaponiyanın Xirosima şəhərində keçirilən “Böyük Yeddilər” (G7) sammitini yarımçıq tərk edərək ölkəsinə qayıdıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Xəbərin mətnində orfoqrafik səhv var