REGİONLAR


İvanovka kəndinin sakini: Biz Prezidentimizlə, onun müdrik sülhsevər siyasəti ilə fəxr edirik

İsmayıllı, 15 oktyabr, AZƏRTAC

Müxtəlif sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan əsrlər boyu müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi ad-san qazanıb.

Bu barədə AZƏRTAC-ın müxbiri ilə müsahibəsində İsmayıllı rayonunun İvanovka kəndinin sakini, N.V.Nikitin adına kolxozun Müşahidə Şurasının sədri Olqa Timofeyevna Jabina deyib.

Onun sözlərinə görə, azərbaycanlıların həyat tərzinə tarixən xas olan multikulturalizm və tolerantlıq bu gün milli mənsubiyyətindən, dilindən və dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyatının ayrılmaz xüsusiyyətinə çevrilib.

“Dinlər insanlara xeyirxahlıq aşılamalı və öyüd-nəsihəti nəsillərdən-nəsillərə ötürməlidir, xalqlar bir-birinin məsləhətinə qulaq asmalı, öz adət-ənənələrinə hörmətlə yanaşmalı və başqa mədəniyyətlərdən məqbul olanını və ən yaxşısını seçməklə onları zənginləşdirməlidir”, - deyə O.Jabina bildirib.

O qeyd edib ki, İsmayıllı rayonunun İvanovka kəndi tolerantlığın və multikulturalizmin bariz nümunəsidir. Təqribən iki əsr bundan əvvəl dost, günəşli Azərbaycana gələn molokanlar indi də burada yaşayır, öz mədəniyyətini, etiqadını yaşadır, doğma rus dilində danışır və təhsil alırlar: “Biz ölkə və rayon rəhbərliyinin qayğı və köməyini daim hiss edirik, bərabər imkanlardan istifadə edirik, ölkənin bərabərhüquqlu vətəndaşlarıyıq”.

Müşahidə Şurasının sədri vurğulayıb ki, öz ölkəsinin vətənpərvər övladları olan İvanovka kəndinin sakinləri Vətənimiz üçün bu çətin günlərdə, Qarabağ torpaqlarının işğaldan azad edilməsi uğrunda müharibə dövründə Ali Baş Komandanımız, hörmətli Prezidentimiz İlham Əliyevin qətiyyətli fəaliyyətini dəstəkləyirlər. Onun “Qarabağ Azərbaycandır və nida işarəsi!” sözləri cəbhə xəttində çiyin-çiyinə vuruşan azərbaycanlı, rus, ləzgi, talış, tat və digər millətlərdən olan döyüşçülərimizə, Azərbaycan oğullarına güc və cəsarət verir.

“Kəndimizin möminləri rəşadətli döyüşçülərimizin həyatı və sağlığı üçün Allaha dua edirlər.

Biz Gəncə və Mingəçevir şəhərlərinin dinc sakinlərinin, özü də humanitar atəşkəs rejimi zamanı ermənilər tərəfdən atəşə tutulmasını ürəkağrısı ilə qarşıladıq. Azərbaycandakı bir çox diplomatik missiyaların nümayəndələri dağıdılmış şəhərlərə gedib, oradakı vəziyyəti öz gözləri ilə gördülər. Biz dünya birliyinə müraciət edirik: Azərbaycanın dinc sakinlərinə qarşı vandalizm və terror aktlarına biganə qalmayın, Ermənistanı dayandırın. Biz onların torpaqlarına gəlməmişik, biz qan tökülməsini istəmirik. Bizim torpaqları azad edin, Qarabağ bizimdir və bizim olacaq!

Biz Prezidentimizlə, onun müdrik sülhsevər siyasəti ilə, hətta dinc sakinlərimizin vəhşicəsinə atəşə tutulmasından sonra da onun Qarabağ ermənilərinə humanist münasibəti ilə fəxr edirik!

Biz sülh və ədalət tərəfdarıyıq! Bizim işimiz haqq işidir!”, - deyə O.Jabina söhbətə yekun vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.