Kənd təsərrüfatı işçiləri peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd edirlər
Bakı, 1 noyabr, Ceyhun Rüstəmov, AZƏRTAC
Aqrar sektor Azərbaycan iqtisadiyyatında daim önəmli rol oynayıb. Bu sahənin əsaslı inkişafı isə ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti illərinə təsadüf edir. Lakin sonradan 90-cı illərin əvvəllərində ölkə iqtisadiyyatında yaşanan tənəzzül kənd təsərrüfatından da yan keçmədi. Ulu Öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra torpaq islahatı həyata keçirildi və görülən işlər nəticəsində gələcək uğurların təməli qoyuldu. Hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş siyasət nəticəsində aqrar sektor keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.
AZƏRTAC xəbər verir ki, bu barədə 1 Noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə Bakı Biznes Mərkəzində keçirilən tədbirdə söz açılıb.
Bayram mərasimində çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, dünya bazarlarında xam neftin qiymətinin kəskin ucuzlaşması ölkənin ixrac potensialına və valyuta daxilolmalarına təsir göstərsə də, kənd təsərrüfatının inkişafı bunu əhəmiyyətli dərəcədə kompensasiya etmək iqtidarındadır. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən aqrar sektorda pambıqçılıq, baramaçılıq, çayçılıq, tütünçülük, fındıqçılıq və digər valyuta gətirən, ixracyönümlü və sosialyönümlü sahələrin inkişafına diqqət artırılıb.
Bu ilin doqquz ayında kənd təsərrüfatında ümumi istehsal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 3 faiz, bitkiçilik məhsulları istehsalı isə 2,6 faiz artıb. Aqrar sektorda aparılan islahatlardan danışan Heydər Əsədov qeyd edib ki, yüksək əlavə dəyərin yaradıldığı sənaye tələbatlı kənd təsərrüfatı məhsulları istehsalı istiqamətində görülən tədbirlərin müsbət nəticələri artıq öz bəhrəsini verməkdədir.
Tədbir digər çıxışlarla davam etdirilir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamına əsasən, hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.