ELM VƏ TƏHSİL
MOSKVADA “İKİ RESPUBLİKA: 1918-1922-Cİ İLLƏRDƏ AZƏRBAYCAN-RUSİYA MÜNASİBƏTLƏRİ” KİTABI ÇAPDAN ÇIXMIŞDIR
Tarix elmləri namizədi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu R.Mustafazadənin monoqrafiyasında tarixin dönəmlərindən birində Azərbaycan-Rusiya münasibətlərinin yaranması və inkişafı ilə bağlı aktual məsələlər nəzərdən keçirilir. Kitabda Azərbaycan Xalq Cümhuriyyəti ilə Sovet Rusiyası arasında münasibətlərin yarandığı, az öyrənilən və Rusiya oxucusuna az tanış olan bir dövrə daha çox diqqət yetirilir.
Tarixi materiallar əsasında yazılmış kitabda Rusiyanın regional strategiyasında Qarabağ amilinin rolu tədqiq olunur, ikitərəfli münasibətlərin inkişafının beynəlxalq və regional cəhətləri təhlil edilir. Çoxlu arxiv materialı əsasında o dövrdə Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin təkamülünə təsir göstərən başlıca ideoloji və siyasi mövqelər öyrənilir.
Kitabın “Biz Azərbaycan Respublikasını sovet dövlətləri sırasına daxil olmağa məcbur etməyi öhdəmizə götürürük”, “Öz çörəyi ilə yaşamış Azərbaycan indi çörəksizdir, ac Gürcüstan və Ermənistanın isə indi çörəyi boldur”, “Qarabağ: “müsəlman mülkündən” erməni muxtariyyətinədək”, “Rusiyanın regional strategiyasında və Rusiya-Azərbaycan münasibətlərində erməni amili”, “Bakının bu siyasəti bizim Şərq və dünya siyasətimizi pozur”, “Azərbaycan Sovet-Türkiyə münasibətlərində” fəsilləri daha çox maraq doğurur.