MƏDƏNİYYƏT
MUZEY MƏRKƏZİ VEB-SAYTININ TƏQDİMATI OLMUŞDUR
Bakı, 25 sentyabr (AZƏRTAC). Sentyabrın 25-də Muzey Mərkəzinin YUNESKO-nun Moskva bürosunun “Rusiya muzeyi: virtual filial” layihəsi çərçivəsində yaradılmış veb-saytının təqdimat mərasimi keçirilmişdir.
Saytın yaradılmasında tərəfdaş qismində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO-nun Moskva bürosu, Dövlət Rus Muzeyi və YUNESKO işləri üzrə Azərbaycan Respublikasının Milli Komissiyası çıxış etmişlər.
Veb-sayt “MediaDizayn” studiyası tərəfindən yaradılmışdır.
Azərbaycan, rus və ingilis dillərində hazırlanmış www.museumcenter.az internet ünvanından hər kəs pulsuz istifadə edə biləcəkdir. Sayt foto və video materiallarla zəngindir və müasir multimedia icra üsulları onların internet şəbəkəsi vasitəsilə baxılmasına imkan yaradacaqdır.
Saytın dizaynı ciddi klassik üslubda və geniş axtarış sistemi ilə təchiz olunmuşdur. Veb-sayt artıq dünyanın aparıcı axtarış sistemləri tərəfindən indeksləşdirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev və YUNESKO işləri üzrə Milli Komissiyanın məsul katibi Günay Əfəndiyeva tədbirdə çıxış edərək bildirmişlər ki, sayt müxtəlif ölkələrin vətəndaşlarının Azərbaycan mədəniyyəyi ilə daha yaxından və geniş tanış olmalarına imkan yaradacaqdır. Veb-saytlar Azərbaycanda və ölkədən kənarda vahid mədəniyyət-informasiya məkanının genişləndirilməsinə, həmçinin xalqlararası əlaqələrin gücləndirilməsinə xidmət edəcəkdir.
Tədbirdə müxtəlif ölkələrin səfirliklərinin, mədəniyyət mərkəzlərinin, biznes şirkətlərinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Sonda bir neçə blokdan ibarət olan saytın görüntüləri şərhlərlə tamaşaçılara təqdim olunmuşdur.