SİYASƏT
Mingəçevirə atılan raketlər elektrik stansiyasına zərər vurmayıb
Mingəçevir, 11 oktyabr, T.Ağaməmmədov, foto R.İsmayılov, AZƏRTAC
İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə oktyabrın 10-u saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriyadan atəşə tutmağa davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, düşmənin silahlı qüvvələri oktyabrın 11-i gecə saat 4 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 kilometrdən çox uzaqda yerləşən iri sənaye şəhəri Mingəçevirə raketlər atıb. Ermənistan ordusunun atdığı raket stansiyaya zərər vurmayıb. Raketlər Ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
AZƏRTAC-ın hadisə yerində olan əməkdaşları düşmənin məhv edilən raketlərin qalıqlarının görüntülərini təqdim edirlər.