MƏDƏNİYYƏT


Nizami Gəncəvinin əsərləri qazax dilinə tərcümə olunub VİDEO

Nur-Sultan, 24 dekabr, AZƏRTAC

Nur-Sultanda Beynəlxalq Türk Akademiyası Nizami Gəncəvinin anadan olmasının 880 illiyi, Əlişir Nəvainin anadan olmasının 580 illiyi və Yunus Əmrənin vəfatının 700 illiyinə həsr olunmuş “Şərqin ulduzları” adlı konfrans keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşimbayev, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, deputatları, diplomatik korpusun rəhbərləri, şair və yazıçılar, ictimai nümayəndələr iştirak ediblər.

Tədbir çərçivəsində akademiya tərəfindən nəşr olunan Nizami Gəncəvinin, Əlişir Nəvainin və Yunus Əmrənin kitablarının təqdimatı olub.

Qeyd edək ki, Nizami Gəncəvinin “Yeddi gözəl” və “Leyli və Məcnun” poemaları Tair Jarokov, Qasım Amanjolov, Jakan Sızdıkov, Dixan Əbilov, Taken Alimkulov kimi qazax xalqının görkəmli şairləri tərəfindən tərcümə edilib. Nadir nəşrdə məşhur Azərbaycan rəssamı Fəxrəddin Əli Vəlioğlunun əsərləri də yer alıb.

Eyni zamanda, Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə görkəmli türk şairi Yunus Əmrənin əsərləri ilk dəfə ayrıca toplu şəklində tanınmış qazax şairi Svetkali Nurjanın ədəbi-bədii tərcüməsində işıq üzü görüb.

Bundan əlavə, Türk Akademiyası Əlişir Nəvainin Azərbaycan dilinə tərcümə edilmiş şeirlər toplusunu hazırlayıb. Əsərlərin Azərbaycan dilinə tərcüməsini tanınmış azərbaycanlı alim Ramiz Əsgərov həyata keçirib.

Akademiyanın dəstəyi ilə ilk dəfə olaraq Əlişir Nəvainin "Mühakəmət-ül Lüğəteyn" əsəri qazax dilinə tərcümə edilərək nəşr edilib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.