“Qarabağ qaziləri” amputant futbol komandası Gürcüstanda yoldaşlıq görüşü keçirib
Tbilisi, 26 iyun, AZƏRTAC
Azərbaycanın “Qarabağ qaziləri” amputant futbol komandası iyunun 26-da Gürcüstanın veteranlardan ibarət “Tbilisi” amputant futbol komandası ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, Tbilisinin mərkəzindəki “İmedi” stadionunda keçirilən oyundan əvvəl hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Sonra Azərbaycanın Şəhid, Əlil və Veteranlar Birliyinin sədri Rövşən Quliyev, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov, Gürcüstanın Veteranların İşi üzrə Dövlət Xidmətinin rəisi, ehtiyatda olan briqada generalı Vladimir İmnadze çıxış edərək idmançılara uğurlar arzulayıblar.
Şəhid, Əlil və Veteranlar Birliyinin Təşkilat Komitəsinin təşkilatçılığı ilə keçirilən və Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyinə həsr olunan qarşılaşma “Tbilisi” komandasının 6:3 hesablı qələbəsi ilə başa çatıb.
Sonda qaliblər mükafatlandırılıb.
Məlumat üçün qeyd edək ki, komandalar bu ilin aprel ayında Bakıda yoldaşlıq oyunu keçiriblər. O zaman “Qarabağ qaziləri” 3:2 hesabı ilə qələbə qazanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi