REGİONLAR


Qusar ziyalısı: Vətən müharibəsi ölkəmizdə yaşayan bütün xalqların ürəkdən qoşulduğu böyük savaşdır

Qusar, 2 oktyabr, Elxan Yusifli, AZƏRTAC 

Bu Vətən müharibəsi ölkəmizdə yaşayan bütün xalqların, o cümlədən ləzgilərin ürəkdən qoşulduğu böyük savaşdır. Bu savaşdan üzüağ, alnıaçıq və qələbə ilə çıxacağımıza böyük inam var. Hazırda gedən döyüşlər Qusar gənclərinin, bütün rayon əhalisinin böyük ruh yüksəkliyinə səbəb olub. Bu, Vətən müharibəsidir və burada hər bir Vətən övladı canla-başla iştirak etməlidir. Azərbaycan bizim ümumi Vətənimizdir. Bura bizim doğulub boya-başa çatdığımız, sonunda isə torpağa qovuşacağımız məkandır. Biz Ali Baş Komandanımıza, Milli Ordumuza inanır və dəstəkləyirik.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində qusarlı ziyalı Neva Abdurahmanova söyləyib.

N.Abdurahmanova bildirib ki, çətin gündə Vətən bütün övladlarına ehtiyac duyur. “Qarabağ döyüşlərində, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda savaşda qusarlı gənclər Milli Qəhrəmanımız Çingiz Qurbanovun timsalında həmişə ön sırada gedirlər. Çox sevindirici haldır ki, bu gün əsgər gedən, könüllü cəbhəyə yollanan oğullarımızı analarımız böyük ruh yüksəkliyi ilə yola salırlar. Azərbaycan və ləzgi xalqlarının tarixi qardaşlığı var. Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizə Azərbaycanda yaşayan bütün xalqların vahid düşüncəsində əks olunub. Tezliklə torpaqlarımızın tam azad olunacağına əminəm”, -deyə N.Abdurahmanova söyləyib.

Qusarlı ziyalı bildirib ki, bu günlərdə kiçikdən-böyüyə bütün ölkə əhalisi səfərbər olaraq Vətənə, orduya, dövlətə dəstək nümayiş etdirir. Ermənipərəst qüvvələr respublikamızda yaşayan xalqlar arasında Vətənə olan məhəbbətə kölgə salmaq istəsə də, buna heç vaxt nail olmayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.