Avropa İttifaqının Ermənistandakı missiyasının regionda jandarmeriya funksiyasını yerinə yetirmək cəhdləri nəticə verməyəcək
Bakı, 15 avqust, AZƏRTAC
Avropa İttifaqının (Aİ) Ermənistanda fəaliyyət göstərən missiyası birmənalı şəkildə Ermənistanın maraqlarına xidmət etməyə çalışır və onun son günlərdə verdiyi açıqlamalarda bu daha aşkar şəkildə özünü büruzə verir.
Bunu AZƏRTAC-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib.
O, bildirib ki, Azərbaycan tərəfi dəfələrlə Ermənistan qoşunlarını həm Azərbaycanla sərhəddə, həm də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki ərazilərdə qoşun konsentrasiyasının artırılmasına dair videomateriallar təqdim etməsinə baxmayaraq, Aİ-nın Ermənistandakı missiyası bu materialları və faktları görməzdən gəlir. Ərazidə həmin texnika, silah sursat və ağır artilleriya vasitələrinin toplandığı nöqtələri yoxlamaq əvəzinə özlərinin oturduğu kabinetlərdə ərazidə baş verənlər haqqında birtərəfli qaydada bəyanatlar səsləndirərək 30 illik işğal tarixinə malik Ermənistanın bugünkü fəaliyyətlərinə haqq qazandırmağa çalışırlar.
Hərbi ekspertin sözlərinə görə, Ermənistanın dəvəti ilə Avropa İttifaqından təyin olunmuş missiyası Azərbaycanın qarşı tərəfinin sərhədə hərbi texnika yığması barədə açıqlamasını təkzib edib. Prinsip etibarilə hazırda Avropa İttifaqının Ermənistandakı missiyası birtərəfli qaydada bəyanatlar verməklə öz missiyasına qeyri-peşəkarcasına yanaşır, tutduğu və əvvəlcədən iddia etdiyi mandatının çərçivələrindən çox-çox kənara çıxmaqla yanaşı, Azərbaycan ilə Ermənistan arasında münaqişənin alovlanmasının qarşısını almaq əvəzinə onun yenidən yaranması üçün şərait yaradır.
“Hesab edirəm ki, Avropa İttifaqının Ermənistandakı missiyası öz fəaliyyəti ilə tərəf tutur, əvvəlcə iddia etdiyi mandatdan kənara çıxır və regionda jandarmeriya funksiyasını yerinə yetirməyə cəhd edir. Lakin bu cəhdlər heç bir nəticə verməyəcək. Onların fəaliyyətləri, səsləndirdiyi bəyanatlar Azərbaycan üçün heç nə ifadə etmir. Ölkəmiz təhlükəsizlik məsələlərində fəaliyyətlərini Avropa İttifaqının Ermənistandakı missiyasının rəhbərliyinin və ya digərlərinin bəyanatları üzərində deyil, öz milli və dövlət maraqları çərçivəsində həyata keçirir”, - deyə Ədalət Verdiyev vurğulayıb.