CƏMİYYƏT


“Real Madrid Fondu Azərbaycan” sosial futbol məktəbi idman ictimaiyyətinə dəstək göstərib

Bakı, 21 may, AZƏRTAC

Koronavirus (COVID-19) infeksiyasının bütün dünyada yayıldığı dövrdə çoxsaylı idman ictimaiyyəti də humanist addımlardan geri qalmır və genişmiqyaslı xeyriyyəçilik tədbirlərinə böyük həvəslə qoşulur.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilk gündən qurumun bütün strukturlarında əhalinin həssas təbəqəsinə aid olan ailələrə hər cür yardım və dəstək göstərilir. İki gün əvvəl növbəti, “Evdə qalın, sağlam olun” və “Biz birlikdə güclüyük” devizi ilə yardım kampaniyası keçirilib.

2013-cü ildən ölkəmizdə fəaliyyət göstərən və əsasən əhalinin həssas təbəqələrinin nümayəndələrindən olan uşaqların cəlb edildiyi “Real Madrid Fondu Azərbaycan” sosial futbol məktəbinin üzvlərinə ərzaq yardımı göstərilib. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və məktəbin əməkdaşlarının iştirakı ilə 80-dən çox şagird və 12 nəfərdən ibarət işçi heyətinə yardım paketləri çatdırılıb.

Qeyd edək ki, bu sosial futbol məktəbi Gənclər və İdman Nazirliyi ilə “Real Madrid Fondu”nun 2013-cü ildə imzalanmış “Əməkdaşlıq müqaviləsi” çərçivəsində yaradılıb. İlk layihə uğurlu nəticə göstərdiyinə görə 2018-ci ilin yanvarında yeni müqavilə imzalanıb və məktəbin fəaliyyəti 2022-ci ilədək uzadılıb. Bu müddətdə yüzlərlə şagird futbola cəlb olunub və onlardan bəziləri hazırda peşəkar karyerasını davam etdirir.

“Real Madrid Fondu Azərbaycan” sosial futbol məktəbi MDB məkanında birinci, Avropada səkkizinci olaraq yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.