SİYASƏT


Rüstəm Cabbarov: Türk Şurasının tamhüquqlu üzvü olmaq Özbəkistanın xarici siyasətində tarixi bir addımdır

Daşkənd, 16 oktyabr, AZƏRTAC

Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının tamhüquqlu üzvü olması ölkəmizin xarici siyasətində tarixi bir addımdır. Bu, ölkəmiz və xalqımız üçün böyük əhəmiyyət kəsb edir.

Bu fikirləri AZƏRTAC-ın müxbirinə müsahibəsində Özbəkistanda tanınmış tədqiqatçı-jurnalist Rüstəm Cabbarov deyib.

“Türk Şurasına üzv olmaq Özbəkistana nə verir” sualına R.Cabbarov cavabında deyib: “Əvvəla, Özbəkistanın xarici siyasətində yeni bir istiqamət açılıb və ölkəmiz böyük bir beynəlxalq təşkilatın tamhüquqlu üzvü olub. Bununla da ölkəmiz Türk Şurasının üzvü olan digər dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək imkanı qazanıb.

Zirvə Görüşündə çıxış edən Prezident Şavkat Mirziyoyev Özbəkistanın quruma üzv olmasının şübhəsiz ki, təbii və tarixi bir proses olduğunu söyləyib, dünya elminə və mədəniyyətinə misilsiz töhfələr verən Məhəmməd Xarəzmi, Əhməd Fərqani, Əbu Reyhan Biruni, İbn Sina, Mirzə Ulugbəy, İmam Buxari, İmam Moturidi, İmam Termezi kimi böyük mütəfəkkirlərlə və böyük şair Əlişir Nəvai ilə nəinki özbək xalqının, bütün türk dünyasının qürur duyduğunu deyib.

Türk Şurasına üzv olmaq xalqımızın fundamental maraqlarına tam cavab verir. Bu gün ölkələrimiz arasında təkcə mədəni və mənəvi bağlar deyil, həm də ticarət-iqtisadi əlaqələr yeni səviyyəyə qədəm qoyur. Son üç ildə ölkələrimiz arasında ticarət həcmi demək olar ki, iki dəfə artıb, 1000-dən çox yeni müştərək müəssisə yaradılıb.

Dövlətimizin başçısı Şavkat Mirziyoyev sahibkarlar arasında birbaşa və etibarlı təmasların qurulması üçün əlverişli şəraitin yaradılmasının prioritet olduğunu deyib. Bununla əlaqədar olaraq ortaq texnoparklar, start-up innovasiya şirkətləri, ortaq investisiya fondu və türk dövlətlərinin ticarət evlərinin yaradılması təklifini irəli sürüb.

Özbəkistan Prezidenti nitqində böyük nəqliyyat və rabitə layihələrinin həyata keçirilməsinin Orta Asiya-Türkiyə dəhlizi vasitəsilə Avropa, Çin və Cənubi Asiya bazarlarına çıxışı üçün əhəmiyyətli imkanlar yaradacağını və Bakı-Tbilisi-Qars dəmir yolundan səmərəli istifadə olunmasının zəruriliyini vurğulayıb.

Şavkat Mirziyoyev Gənc Sahibkarlar Forumunun yaradılması və forumun ilk iclasının Özbəkistanda keçirilməsi təşəbbüsünü də irəli sürüb. Dövlət başçısı mədəni və humanitar sahələrdə qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb və Şuraya üzv dövlətlərin ana dilində "Türk ədəbiyyatının xəzinəsi" seriyasından kitabların çap olunmasını, ədəbiyyat və incəsənət, tarix və memarlıq sahələrində uğur qazanan insanlara Beynəlxalq TÜRKSOY mükafatının verilməsini təklif edib.

Bu təkliflər nəinki Özbəkistanın inteqrasiyasına, həmçinin Türk Şurasının, ümumiyyətlə Türk dünyasının inkişafina geniş yol açacaq.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.