CƏMİYYƏT
Sahil Babayev: Prezidentin islahatlar proqramına uyğun olaraq əhalinin sosial müdafiəsi və sosial inkişaf ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir

Bakı, 25 dekabr, AZƏRTAC
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, hər bir ölkə vətəndaşının layiqli həyat şəraitinin təmin edilməsi və sosial rifah halının yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Prezidentin islahatlar proqramına uyğun olaraq əhalinin sosial müdafiəsi və sosial inkişafla bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin dekabrın 25-də keçirilən plenar iclasında deyib.
Nazir diqqətə çatdırıb ki, 2021-ci ilin büdcə layihəsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 5 milyard 146 milyon manat proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 8 faiz çoxdur. Nazir qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 68 faizini məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək. Bu da cari ilin dürüstləşdirilmiş gəlirlərindən 3 faiz çoxdur. Büdcədən maliyyələşən təşkilatlar üçün 2021-ci il üçün daxilolmalar 1 milyard 345 milyon manat, qeyri-büdcə təşkilatları üçün 2 milyard 157 milyon manat proqnozlaşdırılır.
2021-ci ildə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsaitin artacağını bildirən nazir İşsizlikdən Sığorta Fondunun gələn il üçün büdcəsindən də danışıb. Bildirib ki, 2021-ci il üçün Fondun gəlirləri və xərcləri eyni miqdarda olmaqla 157 milyon 769 min 146 manat nəzərdə tutulub.
Nazirin sözlərinə görə, DSMF-nin fəaliyyətinin şəffaflaşdırılması işləri davam etdirilir. Məmur-vətəndaş təması olmadan elektron qaydada müavinət və pensiya təyinatları həyata keçirilir. DSMF əhaliyə xidmət modelini ən yüksək səviyyədə həyata keçirməyə davam edəcək. “DOST Agentliyi tərəfindən 200 mindən çox vətəndaşa xidmət göstərilib. Əhaliyə xidmət modelini inkişaf etdirməyə çalışırıq”, - deyə S.Babayev bildirib.