ADAU ilə Gəncə Voleybol Klubu arasında əməkdaşlıq memorandumu imzalanıb
Gəncə, 13 may, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Gəncə Voleybol Klubunun rəhbərliyi ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov universitetdə tələbələrin hərtərəfli inkişafının prioritet istiqamətlərdən biri olduğunu bildirib, idmanın gənclərin sağlam həyat tərzinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
Gəncə Voleybol Klubunun prezidenti Elvar Osmanov isə bu əməkdaşlığın həm peşəkar idmançıların təhsil imkanlarının genişləndirilməsinə, həm də universitet tələbələrinin voleybola marağının artırılmasına mühüm töhfə verəcəyini qeyd edib.
Görüş çərçivəsində universitetlə klub arasında idman, təhsil və gənclərin inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan əməkdaşlıq memorandumu imzalanıb.
Memoranduma əsasən tərəflər universitet tələbələrinin voleybol idman növünə cəlb olunması, birgə idman tədbirləri, turnirlər, seminarlar və təlimlərin təşkili, sağlam həyat tərzinin təşviqi, həmçinin universitetin idman infrastrukturu ilə klubun peşəkar təcrübəsinin qarşılıqlı istifadəsi istiqamətində əməkdaşlıq edəcəklər.
Sənəddə tələbə-idmançıların təcrübə və könüllülük proqramlarında iştirakının təmin olunması, klubun ev oyunlarında azarkeş dəstəyinin təşkili və birgə sosial layihələrin həyata keçirilməsi də əməkdaşlığın əsas istiqamətləri sırasında yer alıb.
Daha sonra ADAU-nun idman infrastrukturuna birgə baxış keçirilib.
Müxbir - Elcan Məmmədov