REGİONLAR


Salyanda aşkar edilən Muğan Babazanlı abidələri Azərbaycanın qədim tarixindən xəbər verir

Salyan, 1 may, Mahir Babayev, AZƏRTAC

İndiyədək aparılan çoxsaylı tədqiqatlar və üzə çıxarılan müxtəlif maddi mədəniyyət nümunələri göstərir ki, Azərbaycan olduqca zəngin və böyük tarixi keçmişə malikdir.

Ulu əcdadlarımızın ən qədim zamanlardan bu yerlərdə məskunlaşdıqlarını Salyan rayonunda Muğan arxeoloji mədəniyyətinin mərkəzi kimi tanınmış Babazanlı ərazisindəki qazıntılar zamanı 2800 il bundan əvvəlki dövrə aid yaşayış məskəninin aşkarlanması bir daha təsdiq edir.

Qədim tariximiz haqqında qiymətli məlumat verən bu yaşayış məskəni Ələt-Astara magistral yolunun tikintisi zamanı aparılan qazıntılar zamanı aşkarlanıb. Dörd hektara yaxın ərazini əhatə edən yaşayış məskəni Salyan rayonunun Çuxanlı və Şorkənd kəndləri ərazisində Babazənən adlı dağın ərazisində yerləşir.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiya qrupu qədim yaşayış məskənində araşdırmalar aparıb. İlkin nəticəyə görə, bu ərazidə eramızdan əvvəl III əsrdən bizim eranın III əsrinədək yaşayış olub. Ərazinin keçmişindən təfsilatı ilə xəbər verən bu tapıntının unikallığı ondadır ki, burada yaşayış yeri ilə məzarlıq bir ərazidə yerləşir və eyni dövrə aiddir. Aparılan araşdırmalar zamanı 5 küp qəbir və 5 torpaq qəbir tapılıb. Bunların arasında həm uşaq, həm də böyüklərə aid qəbirlər var.

İnstitutun professoru, arxeoloq Arif Məmmədov bildirib ki, arxeoloji qazıntılar zamanı aşkar edilən küp qəbirlərdən birinin üzərində şamanizmlə bağlı təsvirlər verilib. Bu isə Qafqaz Albaniyası əhalisinin qədim türkdilli əhali olduğunu və bu ərazidə daimi olaraq yaşadığını və yerli sakinlər olduğunu təsdiq edir.

Qədim məzarlıqda müxtəlif məişət əşyalarının tapılması, eyni zamanda, ayrı-ayrı qəbirlərdə əşyaların müxtəlif sayda və həcmdə olması isə digər bir qaranlıq məqama aydınlıq gətirib. Müəyyən edilib ki, qədim zamanlarda bu ərazidə sinfi təbəqələşmə mövcud olub. Tapılan saxsı qabların üzərindəki işarələr sənətkarlar arasında ixtisaslaşmanın mövcudluğunu və burada məskunlaşmanın qədimliyini təsdiq edir.

Arif Məmmədovun qənaətinə görə, qəbir abidələri insanların hələ 2500 il əvvəl və daha artıq bir müddətdə bu ərazidə məskunlaşdığı haqqında fikir söyləməyə əsas verir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.