Özbəkistan komandasının məşqçisi: Futbol insanları birləşdirir VİDEO
Quba, 24 avqust, AZƏRTAC
Klubumuz artıq üçüncü ildir ki, burada iştirak edir. Bizi burada hər zaman böyük sevinclə qarşılayırlar və biz də Azərbaycanda olmaqdan məmnunuq. Hər şey yüksək səviyyədə təşkil olunur. Bu turnirdə iştirak etdiyimiz üçün çox şadıq.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qubada keçirilən III “Ulduz Cup” beynəlxalq turnirində Özbəkistanı təmsil edən “Bunyodkor” komandasının məşqçisi Firdovsi Kinjayev söyləyib.
Özbək məşqçi bildirib ki, bu, sadəcə turnir deyil, həm də dostluq münasibətlərinin göstəricisdir.
“Biz həmişə çempionluq və qələbə uğrunda mübarizə aparmağa, azarkeşlərimizi və valideynlərimizi sevindirməyə çalışırıq. Turnirə qatıldıqdan sonra Azərbaycan, Qazaxıstan və Türkmənistandan çoxlu dostlarımız oldu. Burada uşaqlarla tanış olmuşuq, dostluq əlaqələri qurmuşuq. Deməli, futbol insanları birləşdirir",-deyə Firdovsi Kinjayev söyləyib.
III “Ulduz Cup” beynəlxalq futbol turniri Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının təşkilatçılığı ilə keçirilir. Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan turnirdə ümumilikdə 7 ölkədən 12 komanda mübarizə aparır.
Müxbir- Elxan Yusifli