REGİONLAR
Samuxun sərhəd bölgəsində baş vermiş yanğın söndürülüb
Gəncə, 8 iyul, Rauf Hacıyev, AZƏRTAC
İyulun 7-də axşam saatlarında Samux rayonunun Burunqovaq kəndi yaxınlığından axan Alazan çayının sağ sahilindəki qamışlıq olan geniş və keçilməz (bataqlıq) ərazidə yanğın baş verib. Axşam saatlarında başlayan güclü külək tez bir zamanda yanğının genişlənməsinə səbəb olub.
Samux Rayon İcra Hakimiyyətinin müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Tahir Qarayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb olunub. Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri və aidiyyəti qurumlar da yanğının baş verdiyi ərazidə olublar. Bir istiqamətdə yanğının qarşısı alınıb.
Yanan sahənin bir hissəsinin bataqlıq olması səbəbindən yanğınsöndürənlərin və texnikanın əraziyə yaxınlaşması mümkün olmayıb. Bunun üçün Samux rayon Suvarma Sistemlərinin maşın mexanizmləri – traktor və ekskavatorları əraziyə cəlb edilib.
Yanğının baş verdiyi ərazi sərhəd bölgəsi olduğundan Dövlət Sərhəd Xidməti canlı qüvvə ilə kömək göstərib. Həmçinin yanğının söndürülməsində Burunqovaq kəndinin 20 nəfər sakini də yaxından iştirak edib.
Yanğının yaxınlıqdakı meşə zolağına keçmə təhlükəsi nəzərə alınaraq iyulun 8-də səhər saatlarından başlayaraq Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.