İDMAN


Səmayə Məmmədova: Avropa Gənclərinin Olimpiya Festivalı gənc idmançıların inkişafında mühüm rol oynayacaq

Bakı, 21 fevral, AZƏRTAC

Bu gündən etibarən XV Avropa Gənclərinin Yay Olimpiya Festivalına geriyə sayım başlayır. Artıq festivalın başlanmasına 150 gün qalıb. Bu münasibətlə mötəbər yarışın talismanları Cırtdan və Bəbiri, eləcə də festivalın “Zirvələrə hazırıq” devizini ictimaiyyətə təqdim etdik.

Bu fikirləri Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova fevralın 21-də AZƏRTAC-a müsahibəsində deyib.

Bakıda keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalının gənc idmançıların formalaşmasında mühüm rol oynayacağını deyən Səmayə Məmmədova qeyd edib ki, festivalın yarışları iyulun 20-də start götürəcək. Bir gün sonra isə “Baku Crystal Hall"da bu idman yarışının möhtəşəm açılış mərasimi olacaq. Beləliklə, idmansevərlər növbəti dəfə ölkəmizdə mötəbər idman bayramını izləyə biləcəklər.

S.Məmmədova qeyd edib ki, festivalda Avropanın 50 ölkəsindən 2500-dən çox idmançı və 1500 texniki nümayəndə yarışa qatılmaq üçün ölkəmizə gələcəklər. On iki arenada, o cümlədən Milli Gimnastika Arenası, Bakı İdman Sarayı, Bakı Tennis Akademiyası, Bakı Su İdmanı Sarayı, "Sərhədçi" İdman Olimpiya Mərkəzi, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Olimpiya İdman Kompleksi və digər qurğularda idmanın on növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) keçiriləcək yarışlara ümumilikdə 2500-dən çox könüllü cəlb olunacaq. İyulun 28-dək davam edəcək bu idman festivalında Azərbaycana gələn idmançılar və qonaqlar Atletlər kəndində qalacaqlar. Bunun üçün Atletlər kəndində altı bina ayrılıb. Apreldən başlayaraq binalarda hazırlıq işlərinə başlanılacaq.

Qeyd edilib ki, Avropa Gənclərinin Yay Olimpiya Festivalının keçirilməsi ideyası gənclərə Olimpiya hərəkatını tanıtmaq, Olimpiya dəyərləri və ideallarını aşılamaq məqsədilə Avropa Olimpiya Komitəsinin (AOK) sabiq prezidenti Jak Roqq tərəfindən 1990-cı ildə irəli sürülüb. Festival 14-18 yaşlı avropalı gənc atletlər üçün yüksək səviyyəli çoxnövlü idman turniridir. Birinci festival 1991-ci ildə Belçikada keçirilib. Beynəlxalq Olimpiya Komitəsinin himayəsi ilə AOK tərəfindən təşkil olunan festivala ev sahibliyi edən ölkə bütün yarışlarda əvvəlcədən təsnifat mərhələsi olmadan iştirak etmək hüququ qazanır. Bu idman tədbiri iki ildən bir qışda və yayda təşkil edilir.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi vurğulayıb ki, bir müddət əvvəl Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının üzvləri və texniki heyəti artıq festivala hazırlıq işləri ilə əlaqədar bir neçə dəfə Bakıda olub, Təşkilat Komitəsinin gördüyü işləri, yarışların cədvəlini, Atletlər kəndindəki vəziyyəti, könüllülərin yarış proqramını, nəqliyyat, təhlükəsizlik və digər mühüm məsələləri müzakirə ediblər. Avropa Olimpiya Komitəsinin nümayəndələri hazırlıq işlərini yüksək qiymətləndiriblər.

“Gələn il Tokioda XXXII Yay Olimpiya Oyunları keçiriləcək. Bu baxımdan iyulda baş tutacaq Avropa Gənclər Olimpiya Festivalı yarışda iştirak edən idmançılar, xüsusilə milli atletlərimiz üçün əsl sınaq rolunu oynayır. Son illər Azərbaycanda beynəlxalq miqyaslı tədbirlərin uğurlu təşkili Avropa Gənclər Olimpiya Festivalının da yüksək səviyyədə keçiriləcəyini demək üçün qəti əminlik yaradır”, - deyə S.Məmmədova vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.