Türkiyə və Gürcüstan rəsmiləri regional əməkdaşlıq və təhlükəsizlik məsələlərini müzakirə ediblər
Tbilisi, 21 fevral, AZƏRTAC
Mövcud regional layihələr Gürcüstan ilə Türkiyə arasında səmərəli strateji əməkdaşlığı daha da möhkəmləndirir. Bu layihələr həm də, bizim dostluğumuzun bariz nümunəsi, təhlükəsizliyin qarantıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Tbilisidə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşündə səslənib.
Gürcüstan Hökumət Administrasiyasının mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, görüşdə Türkiyə ilə Gürcüstan arasında ən yüksək səviyyədə olan strateji tərəfdaşlıq müzakirə olunub. Qeyd edilib ki, bu il Gürcüstanla Türkiyə arasında diplomatik münasibətlərin bərpasından 30 il ötür və yubileylə bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Görüş zamanı iqtisadi əməkdaşlıqdan da bəhs edilib, Türkiyənin Gürcüstanın bir nömrəli ticarət tərəfdaşı olaraq qaldığı bildirilib.
Söhbət zamanı tərəflər strateji tərəfdaşlığı daha da gücləndirməyə qarşılıqlı hazır olduqlarını bildiriblər və yüksək səviyyəli səfərlərin müsbət dinamikasını vurğulayıblar.
Qeyd edək ki, TBMM-in sədri bu gün Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə də görüşüb.
Görüşdə regionda baş verən cari hadisələr müzakirə edilib və iki ölkənin gələcək inkişafı üçün regional sabitliyin, sülhün vacibliyi vurğulanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi