Müharibə əlili Tariyel Didarov: Tarixdə iz qoymaq istəyiriksə, ilk növbədə tariximizi qorumalıyıq
Xaçmaz, 6 sentyabr, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərdə, xüsusilə Şuşa şəhərində qayaların və daşların üzərinə müxtəlif adların və yazıların kortəbii şəkildə həkk olunması yolverilməzdir. Belə hallar yalnız tarixi-mədəni irsə deyil, həm də şəhidlərin xatirəsinə münasibət baxımından düzgün yanaşma deyil.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Vətən müharibəsi iştirakçısı, II qrup müharibə əlili Tariyel Didarov bildirib.
O, Vətən müharibəsində Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının düşməndən azad olunması uğrunda döyüşüb. Artilleriya kəşfiyyatçısı kimi fəaliyyət göstərən T.Didarov 2020-ci il oktyabrın 26-da Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə ağır yaralanıb.
Tariyel Didarov vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə gələcək nəsillər üçün ən böyük qəhrəmanlıq salnaməsidir. Bu Qələbə həm də xalqımızın mənəvi mirası və zənginliyidir.

“Gələcək nəsillər bu mirası qorumalı, ona layiqincə yanaşmalı və tariximizi düzgün şəkildə öyrənməlidirlər. Şuşa şəhəri və Şuşa uğrunda gedən döyüşlər 44 günlük Vətən müharibəsinin ən yüksək qəhrəmanlıq nümunələrindən biridir. Şuşa döyüşü Zəfərimiz üçün həlledici olub. Ona görə də Şuşada bizə tarixi miras kimi gəlib çatmış daşların, qayaların və tarixi abidələrin üzərinə bu cür nizamsız yazıların həkk olunması nə xoşagələndir, nə də təqdirəlayiqdir”, - deyə T.Didarov qeyd edib.
Tariyel Didarov bildirib ki, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı nümunəvi işlər görülüb. Onun sözlərinə görə, xüsusilə Füzuli rayonunun Yuxarı Alxanlı kəndi ərazisində və digər döyüş mövqelərində qəhrəman şəhidlərin əziz xatirəsinə xatirə nişanları həkk olunub.
“Biz gələcək nəsillərə həm Vətən müharibəsinin qəhrəmanlıq tarixini, həm də həmin tarixin şahidi olan tarixi-mədəni irsimizi qoruyub çatdırmalıyıq. Tarixdə iz qoymaq istəyiriksə, ilk növbədə tariximizi qorumalıyıq”, - deyə Vətən müharibəsi iştirakçısı vurğulayıb.
Müxbir – Elxan Yusifli