“Phantom" tipli qırıcı təyyarə aviaşouda qəzaya uğrayıb
Bakı, 6 sentyabr, AZƏRTAC
Yunanıstanın şimalındakı Tanaqra aviabazasında keçirilən "Athens Flying Week 2026" aviaşousu zamanı "Phantom" tipli qırıcı təyyarə qəzaya uğrayıb.
AZƏRTAC Anadolu Agentliyinə istinadən xəbər verir ki, Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus iki nəfərlik F-4 "Phantom" təyyarəsi nümayiş uçuşu zamanı, hələlik səbəbi müəyyən edilməyən bir vəziyyət nəticəsində enişdən qısa müddət əvvəl qəzaya uğrayıb. Nəticədə hər iki pilot həlak olub.
Qəzadan sonra ərazidə yanğın baş verib və hadisə yerinə çoxsaylı yanğınsöndürmə və tibbi briqadalar cəlb edilib. Şounu izləyən yüzlərlə tamaşaçı ərazidən təxliyə olunub. "Athens Flying Week" tədbiri müvəqqəti olaraq dayandırılıb.
Yunanıstanın müdafiə naziri Nikos Dendiasın qəza səbəbindən Saloniki Beynəlxalq Sərgisindəki proqramını yarımçıq qoyaraq Afinaya qayıtdığı bildirilib.