Ramil İskəndərli: Tarixdə iz qoymaq istəyiriksə, tarixi qoruyaq
Bakı, 5 sentyabr, AZƏRTAC
Son günlər Şuşaya səfər edən bəzi şəxslərin şəhərin qayaları və daşları üzərində adlar, müxtəlif yazılar həkk etməsi ilə bağlı müzakirələr aparılır. Məsələnin hüquqi və mənəvi tərəfləri var.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli QHT Forumunun (AMQF) İdarə Heyətinin sədri Ramil İskəndərli söyləyib.
Onun sözlərinə görə, beynəlxalq hüquq mədəni irsə qarşı vandalizmin ağır formalarını cinayət məsuliyyəti səviyyəsinə qədər qaldırır və turist tərəfindən törədilən belə hərəkət də mədəni irsin toxunulmazlığı prinsipinə ziddir.
“Şuşa Tarix-Memarlıq Qoruğu 2001-ci ildən UNESCO-nun Ümumdünya İrsinin ilkin siyahısındadır. UNESCO Şuşanın xüsusi dəyərini onun tarixi-memarlıq irsi ilə yanaşı, dağlıq relyefi, sıldırım qayaları, təbii mühiti və şəhər memarlığının vəhdəti ilə əlaqələndirir. Şuşada qaya üzərinə yazı yazmaq yalnız bir daş səthini korlamaq deyil; dövlət tərəfindən xüsusi hüquqi rejim altında qorunan bütöv tarixi-mədəni və təbii-landşaft kompleksinin autentikliyinə müdaxilədir. Ancaq bütün hüquqi arqumentlərdən sonra məsələnin daha böyük tərəfi qalır: mənəvi məsuliyyət. Şuşa Azərbaycan insanı üçün sadəcə turizm şəhəri deyil, həm də yaddaş məkanıdır. Şəhidin xatirəsi daşın üzərində açılan cızıqda deyil, həmin daşın qorunmasında yaşamalıdır. Şuşaya gedən hər bir insan anlamalıdır ki, o, sadəcə turizm məkanına deyil, milli yaddaş məkanına daxil olur", - deyə R.İsgəndərli bildirib.
İdarə Heyətinin sədri qeyd edib ki, məsələnin ekoloji tərəfi də nəzərdən qaçırılmamalıdır: “Qayaların cızılması, yonulması, boyanması və üzərinə yazı həkk edilməsi təbii səthə antropogen müdaxilədir. Şuşa kimi təbii landşaftla tarixi şəhər mühitinin vəhdət təşkil etdiyi ərazilərdə mədəni irsin və ətraf mühitin qorunması eyni məsuliyyətin iki tərəfidir. Bakıda da tarixi binaların divarlarına adların yazılması, abidələrin zədələnməsi, park və ictimai məkanlardakı memarlıq elementlərinə müdaxilə kimi hallara rast gəlinir. Nizami Kino Mərkəzi kimi şəhərin kollektiv yaddaşında xüsusi yeri olan məkanlarla bağlı hadisələr göstərir ki, məsələni yalnız hüquqi mühafizə çərçivəsində qiymətləndirmək olmaz. Şəhər yaddaşı yalnız rəsmi abidələrdən deyil, binalar, meydanlar, kinoteatrlar, parklar və küçələrdən də formalaşır”, - deyə Ramil İskəndərli vurğulayıb.
AMQF sədri bildirib ki, Şuşanın Azərbaycan cəmiyyəti üçün xüsusi mənəvi çəkisi var: “Müharibənin izləri, dağıntıların yaddaşı, bərpa olunan abidələr və şəhərin azadlığı ilə bağlı ağır insan taleləri bu həssaslığı daha da artırır. Şəhidlərin adları layiqli memorial və yaddaş məkanlarında əbədiləşdirilməli, tarixi qaya və abidələrin üzərində isə onların öz tarixi yaşamalıdır. Əslində qoruq anlayışının arxasında sadə fəlsəfə dayanır: qoruyaraq ötürmək. Şuşa, İçərişəhər, Qobustan, tarixi binalarımız, qədim məbədlərimiz və təbii landşaftlarımız gələcək nəsillər qarşısında daşıdığımız məsuliyyətdir. Tarixdə iz qoymaq istəyiriksə, tarixin üzərinə yazmayaq. Tarixi qoruyaq", - deyə İdarə Heyətinin sədri vurğulayıb.