Siyasi şərhçi: Mədəni irsin qorunması üçün ictimai məsuliyyət vacibdir
Bakı, 5 sentyabr, AZƏRTAC
Tarixi binalara, abidələrə və qoruq ərazilərinə münasibətdə cəmiyyətin özündə qoruma refleksinin formalaşması mühüm əhəmiyyət daşıyır. Çünki belə məkanlar hər hansı bir quruma və ya müəyyən bir nəslə deyil, bütövlükdə xalqa məxsus olan və gələcək nəsillərə ötürülməli irsdir.
Şuşaya münasibətdə isə bu məsuliyyətin əlavə mənəvi ölçüsü var. Bu şəhər və bütövlükdə işğaldan azad edilmiş torpaqlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin və hərbçilərimizin böyük fədakarlığı hesabına azad edilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.
“Bu gün həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinin əsas mahiyyəti Şuşanı sadəcə müasir şəhərə çevirmək deyil, onun tarixi ruhunu və memarlıq xüsusiyyətlərini yaşadaraq yeni həyat verməkdir. Bu baxımdan, dövlətin gördüyü işlərlə yanaşı, şəhərə gələn hər bir insanın davranışı da ümumi mühafizə prosesinin bir hissəsidir”, – deyə Ülviyyə Zülfiqar qeyd edib.
Onun sözlərinə görə, Şuşadakı tarixi abidəyə, təbiətə, qayaya, tikiliyə və ümumi şəhər mühitinə həssas münasibət həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərilmiş böyük fədakarlığa ehtiramın ifadəsidir.
Siyasi şərhçi qeyd edib ki, Şuşanın gələcək nəsillərə necə çatacağı bu gün ona necə münasibət göstərilməsindən asılıdır. Dövlət tarixi abidələri bərpa edə, infrastrukturu yeniləyə və qoruq rejiminin hüquqi mexanizmlərini təmin edə bilər. Lakin mədəni irsin uzunmüddətli qorunması üçün ictimai məsuliyyət də eyni dərəcədə vacibdir.
“Şuşanı qorumaq onun yalnız keçmişini mühafizə etmək deyil, tarixi kimliyini gələcəyə daşımaq deməkdir”, – deyə Ülviyyə Zülfiqar əlavə edib.
Müxbir - Səbinə Əlizadə