ELM VƏ TƏHSİL


Türkiyəli tarixçi-alimlər AMEA Rəyasət Heyətində olublar

Bakı, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də AMEA-nın Tarix İnstitutunun, Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırma Mərkəzinin Ağdam İcra Hakimiyyəti ilə birgə reallaşdırdığı “Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər” mövzusunda beynəlxalq simpozium işə başlayıb. Simpoziumda iştirak edən Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırma Mərkəzinin rəhbərləri, eləcə də Türkiyə və Azərbaycandan 30-dan çox tarixçi-alim tədbir çərçivəsində AMEA Rəyasət Heyətində olub, tarixi əhəmiyyətə malik bina ilə yaxından tanış olublar.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və AMEA-nın akademik-katibi, akademik Arif Həşimov qonaqlara Rəyasət Heyətinin binası haqqında məlumat verib, burada Azərbaycan elminin inkişafına xidmət edən mühüm qərarların qəbul edildiyini bildiriblər.

Akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə qardaşlığının dünya üçün nümunə olduğunu bildirib. O, Azərbaycan-Türkiyə birliyinin və “Bir millət, iki dövlət” tezisinin Azərbaycanın Zəfər savaşında ən yüksək səviyyədə isbat olunduğunu qeyd edib.

Daha sonra İsa Həbibbəyli müəllifi olduğu “Kitabi-Dədə Qorqud” yazılı epos və ya epopeya” kitabını, türkoloq Seyfəddin Altaylının “Azərbaycan türkcəsi sözlüyü” adlı üçcildliyini, həmçinin Atatürk Araşdırma Mərkəzinin “Nutuk 1919–1927” və AMEA-nın 75 illik (1945-2020) yubileyinə həsr edilən “Azərbaycan Milli Elmlər Akademiyası simalarda” kitablarını qonaqlara hədiyyə edib.

Simpozium iştirakçıları tədbirin keçiriləcəyi Ağdam rayonuna yola düşüblər.

Xatırladaq ki, 3 gün davam edəcək tədbirdə “Azərbaycan Respublikasının müstəqillik dövr tarixi”, “Qarabağ Zəfərinə doğru gedən prosesdə Türkiyə-Azərbaycan strateji əlaqələri”, “Batum müqaviləsindən (4 iyun 1918) Şuşa Bəyannaməsinə (15 iyun 2021) Türkiyə-Azərbaycan əlaqələri” və digər mövzular üzrə məruzələr dinləniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.