REGİONLAR
Xocavənd qəsəbəsində prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
Beyləqan, 1 oktyabr, AZƏRTAC
Xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin qəsəbədəki abidəsi önünə çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Bildirilib ki, prokurorluq orqanlarına həmişə diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə ölkəmizdə hər il oktyabrın 1-i Prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir.
Diqqətə çatdırılıb ki, Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanları öz inkişafının məzmunca və keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Həyata keçirilən qanunvericilik islahatları nəticəsində respublikada qanunçuluğun, insan hüquqları və azadlıqlarının təmin olunduğu vətəndaş cəmiyyəti yaradılıb, Azərbaycan dünyanın ən sabit ölkələrindən birinə çevrilib.