REGİONLAR


Yusifcanlı qəbiristanlığında erməni səngərinin ayırdığı bacı məzarları

Ağdam, 7 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Ermənistan 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərdə Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm aktı həyata keçirib, tarix, mədəniyyət və dini abidələri, qəbiristanlıqları dağıdıb və təhqir edib. Onlar üçün dini-mənəvi dəyər deyilən anlayış yoxdur. Bunu ermənilərin işğal etdikləri Azərbaycan ərazisindəki qəbiristanlıqda qazdıqları səngərlə iki bacının qəbrini bir-birindən necə barbarcasına ayırdıqlarını əks etdirən foto bir daha təsdiqləyir.

Son günlər sosial şəbəkələrdə yayılan fotolar Ağdam rayonunun Yusifcanlı kənd qəbiristanlığında çəkilib. Ermənistan silahlı bölmələri 1994-cü ildə işğal edərək dağıtdıqları kəndin qəbiristanlığında səngərlər qazıb, minalar basdırıblar. Nəticədə məzarların bir qismi dağıdılıb, səngərlər Səringül və Təyarə bacılarının yanaşı məzarlarını bir-birindən ayırıb.

Səringül və Təyarənin kiçik bacısı Güluzə Qəhrəmanova AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib ki, qəbiristanlıqda iki deyil, dörd bacısı və anası yanaşı dəfn edilib: “Atam İkinci Dünya müharibəsi zamanı cəbhəyə gedəndə ailəmizdə beş qız övladı vardı. O, müharibədə olarkən bacılarımdan dördü xəstələnərək dünyasını dəyişib və kəndimizin qəbiristanlığında yan-yana basdırılıb. 1993-cü ildə dünyasını dəyişən anamı da həmin qəbiristanlıqda dəfn etdik. Sonra kəndimiz işğal edildi, məcburi köçkün düşdük. O vaxtdan məzarları ziyarət edə bilmirik. Bu günlərdə internetdə bacılarımın məzarlarının şəklini gördük, ürəyimiz ağrıdı. Şəkildə bacılarımın üçünün məzarı görünür. Əslində isə orada dörd bacımın məzarı olub, qəbirlərdən birini ermənilər səngər qazarkən dağıdıblar. Artıq kəndimiz işğaldan azad edilib. Ancaq xain düşmən kəndi də, qəbiristanlığı da minaladığından hələ gedə bilməmişik. İnşallah, tezliklə kəndimizə qayıdar, doğmalarımızın məzarlarını ziyarət edərik”.

Hazırda təkcə Güluzə xanım deyil, doğmalarının məzarlarını ziyarət edə bilməyən on minlərlə soydaşımız bu arzu ilə, bu inamla yaşayır. Çox keçməz ki, ermənilərin viran qoyduğu yurd yerlərimiz, o cümlədən Yusifcanlı kəndi yenidən qurular. Müharibənin izləri silindikcə bu kəndin qəbiristanlığındakı düşmən səngəri də doldurulacaq, 27 il bir-birindən ayrı salınmış bacıların nigaran ruhları da rahatlıq tapacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.