® 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum” təşkil edilib
“Caspian Energy Club” və “Enermus” QSC-nin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”, “Əsrin müqaviləsi”nin 30 illiyi və “Caspian Energy” brendinin 25-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum” keçirilib.
Bu barədə “Enermus” QSC şirkətinin təsisçisi və 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum”un Təşkilat Komitəsinin sədri Zaur Mustafayev məlumat verib.
“Caspian Investment Week” çərçivəsində keçirilmiş forumun Davos formatlı panel müzakirələri regionların qazlaşdırılması prosesində beynəlxalq standartların və təhlükəsizlik sistemlərinin tətbiqi; qaz təsərrüfatında yaşıl və innovativ texnologiyaların tətbiqi; COP29-un çağırışları və qaz sənayesi istiqamətində görüləcək işlər və yeniliklər kimi mövzuları əhatə edib.
1-ci Beynəlxalq “Caspian Gas Industry Forum” sıralarında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərinin və investisiya şirkətlərinin 500-dən artıq nümayəndəsi yer alıb.
Açılış nitqi ilə çıxış edən Telman Əliyev 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum” və 12-ci Beynəlxalq “Caspian Energy Forum”un rəsmi tərəfdaşları olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyinə və Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinə foruma göstərdikləri dəstəyə görə dərin minnətdarlığını bildirib və əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini qeyd edib.
“Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Samir Hümbətova, Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədova açılış nitqləri ilə çıxış etdiklərinə, iştirakçıları Azərbaycanda bu sahədə olan yeniliklərlə tanış etdiklərinə və gələcək layihələr haqqında geniş məlumat təqdim etdiklərinə görə təşəkkür edirəm. İştirakınız və müzakirələrə verdiyiniz töhfə konstruktiv dialoqun formalaşmasında mühüm rol oynadı”, - deyə Telman Əliyev qeyd edib.
“Qaz infrastrukturu regionların enerji təhlükəsizliyini və iqtisadi artımını təmin etməkdə əsas rol oynayır, buna görə də qazlaşdırma proseslərinin beynəlxalq standartlara uyğun olması olduqca vacibdir. Beynəlxalq standartlar, müntəzəm yoxlamalar, profilaktik təmir və etibarlı monitorinq sistemlərini tətbiq edərək riskləri minimuma endirmək mümkündür. Ümumilikdə, qaz infrastrukturunun beynəlxalq təhlükəsizlik standartlarına uyğun olaraq müasirləşdirilməsi, bu sahədə innovativ texnologiyaların tətbiqi, qaz təchizatının etibarlılığını və səmərəliliyini artırmaqla yanaşı, ətraf mühitin mühafizəsinə də mühüm töhfə verəcək, bu isə regionlarımızın davamlı inkişafı istiqamətində əhəmiyyətli bir addım olacaq”, - deyə forumda çıxış edən Zaur Mustafayev bildirib.
Daha sonra müzakirələr qaz sənayesində risklərin effektiv idarə edilməsi üçün qabaqcıl texnologiyaların tətbiqi və təkmilləşdirilməsi, əməyin təhlükəsizliyinin təmin edilməsi üçün qaz sənayesində əsas təhlükəsizlik standartları, qanunvericilikdə sənaye təhlükəsizliyinin artırılması üçün atılan dəyişikliklər, qaz sənayesində təhlükəsizliyi təmin etməklə, ətraf mühitə mənfi təsirləri minimuma endirmək üçün təklif edilən həllər, qaz sənayesində təhlükəsizlik qaydalarına əməl edilməsi üçün işçi heyətin maarifləndirilməsi və təlimlərinin təkmilləşdirilməsi kimi mövzuları əhatə edib.
Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov, Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə, “Sensemi DMCC Dubai” şirkətinin “Azərbaycan” filialının inzibati məsələlər üzrə direktor müavini Məhəmmədrıza Farahani, “Un Global Compact” Azərbaycan üzrə ölkə nümayəndəsi Samir Məmmədov forumda spiker qismində iştirak ediblər. Tədbirin moderatorları “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və “Enermus” QSC şirkətinin təsisçisi və 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum”un təşkilat komitəsinin sədri Zaur Mustafayev olublar.
Rəsmi tərəfdaşlar və sponsorlar
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və “Azəriqaz” İB 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum” rəsmi tərəfdaşları sırasında yer alıblar. Qızıl sponsor “Sensemi DMCC Dubai”, gümüş sponsorlar “Bon-Accord Engineering Supplies (Caspian) Lmt.”, “Safe Gas”, “Debet Safety”, bürünc sponsorlar isə “Zetaş Yapi”, “Via Ad Lucem”, “STP Global Cable”, “VITAM” və Günəş” şirkətləridir.
“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.
Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Orta Dəhliz ölkələrini əhatə edir. Klubun, həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədilə yaradılıb. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.
2016-cı ildə yaranan “Enermus” QSC fəaliyyət göstərdiyi müddətdə geniş təcrübə qazanıb. Fəaliyyətə başladığı gündən spesifik olan qaz təsərrüfatı sahəsi üzrə ixtisaslaşan şirkət illər keçdikcə məişət və sənaye qaz avadanlıqlarının satışından Şkaf tipli Qaz Tənzimləyici Məntəqə və Pnevmatik Odorant Qurğularının yerli istehsalına keçib, 2017-ci ildə lisenziya əldə edərək qaz təsərrüfatı üzrə tikinti-quraşdırma işləri və xidmətlərin göstərilməsinə başlayıb.
Şirkətin əsas fəaliyyət istiqamətlərinə qaz təchizatının layihələndirilməsi, qaz kəmərlərinin tikintisi, qaz avadanlıqlarının satışı və qaz sənayesində mühəndislik və konsaltinq xidmətləri daxildir. QSC ABŞ, İtaliya, Almaniya, Rusiya, Türkiyə kimi ölkələrin istehsal zavodlarının Azərbaycanda rəsmi nümayəndəsidir. Şirkət ISO9001, ISO14001, ISO 45001 kimi beynəlxalq sertifikatlara malikdir.