® FCHAIN Göygöldə kros qaçışı üzrə ölkə çempionatında
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Göygöl rayonunda kros qaçışı üzrə payız ölkə çempionatı keçirilib.
Ölkə idmanının inkişafına hər zaman dəstək verən “Financial Chain Corporation” Göygöldə kros qaçışı üzrə ölkə çempionatına sponsorluq dəstəyi göstərib. Sponsorluqla yanaşı FCHAIN-in əməkdaşları da çempionatda aktiv iştirakları ilə fərqləniblər.
Çempionat çərçivəsində Göygöl rayonuna səfər edən FCHAIN nümayəndələri öncə rayon mərkəzində Heydər Əliyev Parkını ziyarət ediblər. Ardınca Azərbaycanın dilbər guşələrindən olan Göygöl Dövlət Təbiət Qoruğunda olublar. Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ziyarətçilərdə heyrətamiz hisslər yaradıb.
Növbəti gün kros qaçışı üzrə payız ölkə çempionatında iştirak edən FCHAIN nümayəndələri fəallıqları ilə yadda qalıblar.
Ölkəmizdə idmanın inkişafının prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq “Financial Chain Corporation” hər zaman bu sahəyə dəstəyini əsirgəməyib. Təsadüfi deyildir ki, Göygöldə kros qaçışı üzrə ölkə çempionatının sponsorlarından biri də məhz FCHAIN olub. Sevindirici haldır ki, gənc nəslin idmana marağının daha da artması görülən işlərin təqdirəlayiq olduğunu təsdiqləyir və FCHAIN-i sponsor kimi daha da böyük layihələrə imza atmağa ruhlandırır.
Respublikanın müxtəlif regionlarından 14 komandanın tərkibində 200-ə yaxın atletin qatıldığı kros qaçışı üzrə payız ölkə çempionatında idmançılar ən qısa 1 kilometr, ən uzun 10 kilometr olan 8 məsafə üzrə yarışıblar. Təyin edilən məsafəni rəvan olmayan ərazidə ən qısa müddətə qət edib, ilk 3 yerin sahibi olanlar medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Peşəkar idmançılarla yanaşı çempionatda iştirak edən FCHAIN nümayəndələri də təqdirəlayiq nəticələr göstəriblər.
Çempionatın sonunda, təltifetmə mərasimində Azərbaycan Atletika Federasiyası baş katibi Məhərrəm Sultanzadə, Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva və FCHAIN-in baş direktorunun müavini Valid Hüseynov qalibləri təbrik edib, onlara gələcəkdə uğurlar arzulayıblar.