® Mərkəzi Gömrük Hospitalında əməkdaşlar üçün təlim keçirilib
Dekabrın 5-də Mərkəzi Gömrük Hospitalında Təcili tibbi yardım şöbəsinin sürücüləri, porterləri və müxtəlif şöbələrin tibb bacıları üçün “BLS – Təməl Həyata Dəstək” instruktur təlimi keçirilib.
Təlimlərin əsas məqsədi hadisə yerində peşəkar həkim briqadası gələnə qədər xəstə və ya yaralılara ilk yardımın göstərilməsi bacarıqlarının artırılmasından ibarət olub.
Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsinin təcili yardım həkimi Cavad Cabarovun apardığı təlim nəzəri və praktiki mərhələlərdən ibarət olub.
Təlim zamanı iştirakçılara ürək-ağciyər reanimasiyası, avtomatlaşdırılmış xarici defibrilyatorun tətbiqi, hava yolunun açılması, boğulma zamanı ilkin yardım, həmçinin həyati təhlükə yaradan vəziyyətlərin tanınması və operativ müdaxilə qaydaları izah edilib. Praktiki hissədə əməkdaşlar manekenlər üzərində real situasiyalara uyğun simulyasiyalar həyata keçirərək bacarıqlarını möhkəmləndiriblər.
Təlimin yekununda iştirakçıların mövzu ilə əlaqədar sualları cavablandırılıb.