® “Peerstack Academy”: İT sahəsində “Qwasar Silicon Valley” təhsil proqramları artıq Azərbaycanda





“NEQSOL Holding”in tərkibinə daxil olan “NEQSOL Academy”, Təhsilin İnkişafı Fondu və “Technology SNI” tərəfdaşlığı ilə yaradılan “Peerstack Academy”nin rəsmi açılış tədbiri keçirilib.
“Peerstack Academy” Azərbaycanda informasiya texnologiyaları sahəsində beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanması üçün ABŞ-da yerləşən tanınmış texnologiya təhsili təminatçısı olan “Qwasar Silicon Valley” ilə tərəfdaşlıq edərək onların təhsil proqramlarını təqdim edir. Akademiya Azərbaycan Texniki Universitetinin ərazisində bu məqsədlə yaradılmış müasir tədris məkanında fəaliyyət göstərir.
Akademiyada beynəlxalq standartlara əsaslanan, layihəyönümlü və praktiki biliklərə üstünlük verən intensiv “full-stack” proqramlaşdırma təlimi keçirilir. Proqram “Qwasar Silicon Valley”nin metodologiyasına uyğun hazırlanıb və real iş proseslərini əks etdirir. Təlim çərçivəsində tələbələr “Ruby”, “JavaScript”, “React”, “PostgreSQL” və “Rest API” kimi texnologiyalar üzrə təcrübə qazanır və iki beynəlxalq akkreditasiyalı diplom və işlək tətbiqlərdən ibarət portfoliolarla məzun olurlar.
Tələbələr üçün təhsil haqqının 70 faizini “NEQSOL Holding” qarşılayır. Bu dəstək proqramın daha çox insanlar üçün əlçatan olmasını təmin etməklə yanaşı, ölkədə texnologiya sahəsinin inkişafına da töhfə verir. 2024-cü ildə başlayan seçim mərhələsi nəticəsində seçilmiş tələbələr artıq tədrislərinə başlayıblar.
Tədbirdə “Peerstack Academy”nin direktoru Camal Rzayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, “NEQSOL Holding” Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə, “NEQSOL Holding”in insan kapitalı üzrə baş direktoru Meriç Tunç, Təhsilin İnkişafı Fondunun layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov və “Qwasar Silicon Valley”nin baş icraçı direktoru Kwame Yamgnane çıxış ediblər.
“Peerstack Academy” rəqəmsal gələcəyə yönəlmiş uzunmüddətli sərmayədir və regionda innovasiya, təhsil və insan kapitalının inkişafını dəstəkləyən geniş strategiyamızın bir hissəsidir. Gənc istedadları qlobal səviyyəli təhsil və qabaqcıl təcrübələri ilə bir araya gətirməklə biz bu sahədə yeni nəsil mühəndislərin, peşəkarların və sahibkarların yetişməsi üçün möhkəm təməl qururuq”, - deyə “NEQSOL Holding”in sədri Yusif Cabbarov bildirib.
“Təhsilin İnkişafı Fondu olaraq inanırıq ki, innovativ və keyfiyyətli təhsilə yatırım ölkəmizin inkişafının təməlidir. “Peerstack Academy” güclü tərəfdaşlığın qlobal səviyyəli bacarıqların daha geniş təbəqə üçün əlçatan olmasına və gələcəyin peşəkar kadr bazasının formalaşmasına töhfəsinin bariz nümunəsidir”, - deyə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qeyd edib.
Tədbirdə çıxış edənlər “Peerstack Academy”ni təhsil ilə əmək bazarının tələblərini birləşdirən strateji tərəfdaşlığın uğurlu nümunəsi kimi qeyd ediblər. Müasir tədris məkanında yaradılan şərait və təqdim olunan imkanlar, “Qwasar”ın qabaqcıl tədris yanaşması və proqramları xüsusi vurğulanıb.
“NEQSOL Holding”in nümayəndələri ölkədə ixtisaslı İT mütəxəssislərinə artan ehtiyacı və tələb-təklif arasında fərqi, “Peerstack Academy”nin bu ehtiyacı qarşılamaq məqsədilə yaradılmasını və məzunların gələcəkdə holdinqin şirkətlərində də işləmə imkanlarını qeyd ediblər.
“Peerstack Academy” və təqdim etdiyi proqramlar haqqında daha ətraflı məlumat və müraciət üçün:
Facebook: facebook.com/peerstack.tech
Instagram: instagram.com/peerstack.tech
LinkedIn: linkedin.com/company/peerstack-academy
“NEQSOL Holding” telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahələrində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
Təhsilin İnkişafı Fondu Azərbaycanın təhsil sisteminin inkişafını dəstəkləyən və dövlət təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsinə kömək edən publik hüquqi şəxsdir.
“Qwasar Silicon Valley” ABŞ-da yerləşən texnologiya təhsili təminatçısıdır və proqram mühəndisliyi, “full-stack” inkişafı, məlumat elmi, süni intellekt/maşın öyrənməsi və “DevOps” sahələrində intensiv, layihə əsaslı təlim proqramları təqdim edir.