® Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “ARAZ”da struktur dəyişikliyi olub
“ARAZ” supermarketlər şəbəkəsində Müşahidə Şurası yaradılıb, şəbəkəyə yeni icraçı direktor təyin olunub.
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “ARAZ” supermarketlər şəbəkəsinə yeni icraçı direktor təyin edilib. Bu vəzifəyə Rəşad İbrahimov gətirilib.
Qeyd edək ki, Rəşad İbrahimov peşəkar fəaliyyətinə 2004-cü ildə məhz Veysəloğlu Şirkətlər Qrupundan - “Veysəloğlu” MMC-də satış təmsilçisi olaraq başlayıb.
O, 2009-cu ildən etibarən “Veysəloğlu” MMC-də müxtəlif şöbələrdə satış müdiri vəzifəsində çalışıb, 2014-cü ildən isə “ARAZ” supermarketlər şəbəkəsinin komandasına qoşulub.
R.İbrahimov fəaliyyətini bölgə müdiri, format müdiri kimi davam etdirib. O, “ARAZ” supermarketlər şəbəkəsinin Azərbaycanda françayzinq hüququnu aldığı “Spar International”ın müxtəlif ölkələrində pərakəndəçilik fəaliyyətlərinin öyrənilməsində, satış üzrə təlim və konfranslarında iştirak edib. 2019-cu ildən “ARAZ” supermarket MMC-nin Satış Əməliyyatları Departamentinin müdiri vəzifəsinə təyin edilib. 2020-ci il yanvar ayından etibarən isə fəaliyyətini supermarketlər şəbəkəsində satış əməliyyatları direktoru və İdarə Heyətinin üzvü kimi davam etdirib.
Xatırladaq ki, indiyə qədər “ARAZ” supermarketlər şəbəkəsinin icraçı direktoru vəzifəsini almaniyalı peşəkar mütəxəssis Holqer Vaqner icra edirdi. Lakin H.Vaqnerin “ARAZ”la 2 illik müqaviləsi artıq sona çatıb və o, bundan sonra Azərbaycandakı fəaliyyətinə “ARAZ”da yeni yaradılan Müşahidə Şurasının üzvü kimi davam edəcək. Qeyd edək ki, yeni yaradılan struktura Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbov sədrlik edəcək.
“Qarşımıza hədəf qoymuşduq ki, “ARAZ” supermarketlər şəbəkəsini bazar lideri edəcəyik. 3 il əvvəl anladıq ki, biznesi çox böyütmüşük və yeni təcrübəyə ehtiyacımız var. Holqer Vaqnerə qədər bir neçə avropalı mütəxəssislə görüşdük, lakin “ARAZ”ın gələcək hədəfləri və komandamızla işləmək üçün məhz Vaqneri seçdik. O da təklifimizi qəbul etdi və bizimlə əməkdaşlığa başladı. Komandamız H.Vaqnerin təcrübəsi ilə birlikdə “ARAZ”ı daha da müasirləşdirdi və onu rəqabətqabilyyətli etməyə nail oldu. Supermarketlər şəbəkəmiz hüquqi və idarəetmə baxımından çox dəyişdi və Azərbaycanın ən öncül pərakəndə satış biznesinə çevrildi. Holqer Vaqner öz missiyasını kifayət qədər uğurla həyata keçirdi. Komanda olaraq ondan son dərəcə razı qaldıq. O, bundan sonra da Müşahidə Şurasında bizimlə çalışmağa davam edəcək,” - deyə Veysəloğlu Şirkətlər Qrupunun prezidenti Aydın Talıbov bildirib.
Qeyd edək ki, H.Vaqner pərakəndə satış sahəsində 30 ildən çox uğurlu təcrübəyə malik beynəlxalq CEO-dur. O, Yunanıstan, İndoneziya, Küveyt və Rusiya kimi ölkələrdə iri supermarketlərdə direktor vəzifəsində çalışıb.