"YAŞAT" düşərgəsinin 7-ci həftəsi davam edir
Bakı, 31 avqust, AZƏRTAC
“YAŞAT” Fondunun və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı, "PMD Hospitality"nin tərəfdaşlığı ilə həyata keçirilən və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü “YAŞAT” düşərgəsinin 7-ci həftəsi davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yeddinci həftənin 3-cü və 4-cü günlərində psixoloqlarla görüşlər, "Digital Umbrella" şirkəti tərəfindən təlim proqramı, eyni zamanda, yunan-roma güləşi üzrə dünya çempionu Rafiq Hüseynovla idman ustad dərsi baş tutub. Uşaqlar arasında təşkil olunan “Əlaçı” intellektual verilişində onlar əyləncəli vaxt keçirib, yeni biliklər əldə ediblər. ASAN Radionun direktoru Emin Musavi ilə görüşdə iştirakçılara informasiyanın düzgün çatdırılması, sosial mediadan istifadə və digər mövzularda məlumat verilib. Həftə ərzində ASAN Radionun təşkilati dəstəyi ilə xarici və yerli müğənnilərin konsert proqramları keçirilib. Türkiyənin tanınmış pop ulduzu Petek Dinçöz şəhid övladları üçün təmənnasız konsert proqramı reallaşdırıb. O, Azərbaycanın məşhur "Yandırdın qəlbimi" mahnısını ilk dəfə düşərgədə səsləndirib.
Qeyd olunub ki, tərəfdaşlar “PMD Hospitality’’ şirkəti, “Shamakhi Palace Sharadil” Hoteli, baş sponsor Bakcell, sponsorlar “Nar", “PAŞA Bank” ASC, “BRAVO” supermarketlər şəbəkəsidir.