ABŞ AZƏRBAYCANDA KİÇİK VƏ ORTA SAHİBKARLIĞIN İNKİŞAFINI DƏSTƏKLƏYİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 19-da “Park İNN” mehmanxanasında Bankworldinc. ilə 5 yerli kommersiya bankı arasında Anlaşma memorandumu imzalanmışdır. Memorandum ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda yerli kommersiya banklarını texniki məsləhət və təlim xidmətləri ilə təmin edən və Bankworldinc. tərəfindən həyata keçirilən “Maliyyə sektorunun sabitliyi Proqramı”nın icrasına başlamaq üçün atılmış ilk addımdır.
“Atrabank”, “AzərDəmiryolBank”, “Muğan bank”, “NBCbank” və “Royal bank of Baku” ilə imzalanmış memorandumun şərtlərinə əsasən, Bankworldinc. yeni bank idarəçiliyinin qurulması, risklərin izlənməsi, müştərilərin cəlb edilməsi və marketinq xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində beynəlxalq təcrübənin tətbiqi metodlarını öyrədəcəkdir.
USAİD-in Azərbaycandakı nümayəndəsi Fərid Baxşıyev indiyədək belə məqsədlər üçün artıq 300 milyon dollar vəsait ayrıldığını demişdir. Belə layihələrin əsas məqsədinin Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı olduğunu bildirən F.Baxşıyev respublikada maliyyə sektorunun davamlı inkişafında ABŞ hökumətinin də maraqlı olduğunu diqqətə çatdırmışdır.