ABŞ AZƏRBAYCANIN TƏHLÜKƏSİZLİYİNİN TƏMİN OLUNMASINA 10 MİLYON DOLLAR AYIRACAQDIR
“Azadlığı dəstəkləmə aktı”na 907-ci düzəlişin müvəqqəti dayandırılmasından sonra ABŞ-la əməkdaşlığın daha da gücləndiyini vurğulayan nazir demişdir ki, müstəqil Azərbaycan Avropa strukturları və NATO ilə fəal sürətdə əməkdaşlıq edir. NATO ilə münasibətlərinin daha da genişlənməsinə səy göstərən ölkəmizin ABŞ-la əməkdaşlığı təbiidir. Çünki bu, xalqımızın tələbidir və təhlükəsizliyimizin təminatının güclənməsi deməkdir. Bizim üçün ən ağır və təhlükəli məsələ Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasıdır.
General-polkovnik Səfər Əbiyev Azərbaycan iqtisadiyyatı, o cümlədən TASİS proqramı, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri haqqında qonaqlara məlumat vermiş, Ermənistan-Azərbaycan münaqişəsinin bu layihələrin təhlükəsizliyinə ciddi əngəl yaratdığını diqqətə çatdırmışdır.
İstefada olan general Çarlz Boyd görüşə görə təşəkkürünü bildirərək, səfərin regionla və Azərbaycandakı vəziyyətlə tanışlıq məqsədi daşıdığını söyləmiş və demişdir ki, biz özəl təşkilat kimi təhlükəsizlik məsələlərinin həlli işində hökumət təşkilatları ilə əməkdaşlıq edirik. Biznesmenlərin də daxil olduğu təşkilatımızın Azərbaycanla bərabər dünyanın 130 ölkəsində maraqları vardır.
Tərəflər Azərbaycanda həyata keçiriləcək geniş iqtisadi layihələrin təhlükəsizliyinin təşkil edilməsi barəsində ətraflı fikir mübadiləsi aparmışlar.
Azərbaycanın Bakı-Tbilisi-Ceyhan kəmərinin təhlükəsizliyini təmin etmək iqtidarında olduğunu, lakin bu beynəlxalq layihə üçün böyük təhlükələrin mövcudluğuna görə, həmin məsələdə bütün iştirakçı dövlətlərin təmsil olunmasının zəruriliyini diqqətə çatdıran Səfər Əbiyev Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət barədə ətraflı məlumat vermişdir. O demişdir ki, “Avropada Adi Silahlı Qüvvələr haqqında” müqaviləyə əsasən dövlətlər üçün hədd müəyyənləşdirilmişdir. Lakin işğalçı Ermənistan dövləti bu həddi pozaraq öz havadarlarının yardımı ilə durmadan silahlanmanı davam etdirir. Aldığı silahları və hərbi texnikanı hətta işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirir. Bu ərazilərdən narkotrafiklərin tranziti kimi istifadə olunur və burada terror qruplaşmaları hazırlanır.
General Çarlz Boyd səfər zamanı Azərbaycanın bir çox sahələrdə irəliyə getdiyinin şahidi olduğunu vurğulayaraq söyləmişdir ki, ABŞ dövləti Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yaxın zamanlarda 10 milyon dollar ayıracaqdır. Biz sizinlə təhlükəsizlik sahəsində əməkdaşlıq etməyə hazırıq.
Müdafiə naziri qonaqları maraqlandıran suallara cavab vermişdir.
Görüşdə ABŞ-ın Bakıdakı səfiri Rino Harniş iştirak etmişdir.