ABŞ hərbçiləri Əfqanıstanda hərbi mövcudluğun saxlanmasına tərəfdardır
Bakı, 15 aprel, AZƏRTAC
Yüksək rütbəli amerikalı hərbçilər Əfqanıstanda kiçik hərbi mövcudluğun qorunmasını istəyir.
AZƏRTAC “Politico” qəzetinə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın hazırkı və sabiq rəsmi şəxsləri bildiriblər. Məlumata əsasən, yüksək rütbəli hərbçilər Əfqanıstanda hərbi müşavirlər və xüsusi təyinatlı qüvvələr qismində kiçik mövcudluğun saxlanılmasının vacibliyini qeyd ediblər. Onların fikrincə, Əfqanıstanda “Taliban” hərəkatının qarşısının alınması üçün ABŞ-ın bir neçə minlik hərbi kontingentinin orada olması vacibdir.
Əfqanıstanda hərbi mövcudluğun qorunmasının tərəfdarları arasında ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli də var.
CNN telekanalının məlumatına görə, hərbçilərdən əlavə, ABŞ Dövlət Departamentinin bəzi rəsmiləri də ABŞ qoşunlarının Əfqanıstandan tam çıxarılması planının əleyhinə çıxış edirlər.
Bir müddət öncə ABŞ administrasiyası hərbi kontingentin Əfqanıstandan çıxarılması prosesinin mayın 1-dən başlanacağı və sentyabrın 11-dək başa çatacağı barədə məlumat yayıb. Prosesin müttəfiqlər və tərəfdaşlarla tam koordinasiyalı şəkildə aparılacağı bildirilir.
Xatırladaq ki, fevralın 29-da ABŞ və “Taliban” hərəkatı arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, Birləşmiş Ştatlar və müttəfiqləri 14 ay ərzində öz qoşunlarını Əfqanıstandan çıxarmalıdır. “Taliban” hərəkatı isə öz növbəsində ölkə ərazisini Birləşmiş Ştatlar və müttəfiqlərinin təhlükəsizliyinə təhlükə törədəcək fəaliyyət üçün istifadə etməyəcəkləri barədə zəmanət verib.