ABŞ-IN BİZNES LİDERLƏRİ AZƏRBAYCANA SƏFƏRİN YEKUNLARINDAN RAZIDIRLAR
Nümayəndə heyətinin rəhbəri, MTBİ-nin başçısı general Çarlz Boyd demişdir: biz Azərbaycanı məmnunluq hissilə tərk edirik. Bir daha yəqin etdik ki, ölkəniz öz tarixi inkişafının indiki mərhələsində təcrübəli lider tərəfindən idarə olunur. Əminik ki, o, milli təhlükəsizliyin bütün sahələrində sabitliyi təmin edəcəkdir.
MTBİ-nin başçısı vurğulamışdır ki, biznesmenlərin səfərindən məqsəd ABŞ ilə Azərbaycan arasında ikitərəfli əlaqələri genişləndirmək, habelə respublikada vəziyyət barədə məlumat toplamaq idi. Bu baxımdan Azərbaycan rəhbərliyi, “Sülh korpusu” humanitar təşkilatının və yerli işgüzar dairələrin nümayəndələri ilə görüşlər səmərəli olmuşdur.
Ç.Boyd bildirmişdir ki, onun başçılıq etdiyi qeyri-hökumət təşkilatının əsas vəzifəsi ABŞ hökuməti ilə ölkənin ən iri biznes təşkilatlarının rəhbərliyi arasında əlaqə yaratmaqdır. ABŞ-ın milli təhlükəsizlik konsepsiyasının iqtisadi və diplomatik məqamları MTBİ mütəxəssislərinin iştirakı ilə hazırlanır.
Nümayəndə heyətinin başçısı AZƏRTAC-ın müxbirinin suallarına cavab verərək demişdir ki, səfər zamanı toplanmış bütün məlumat MTBİ-nin yekun sənədinə daxil ediləcək və bu sənədin nüsxələri ABŞ-ın bütün iri şirkətlərinin rəhbərlərinə, habelə dövlət qurumlarının nümayəndələrinə göndəriləcəkdir.
Azərbaycanın ABŞ, NATO və bir çox Qərb ölkələri üçün böyük strateji əhəmiyyətə malik olduğunu vurğulayan Çarlz Boyd demişdir ki, zənnimcə, Qərb dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycanda sabitliyin qorunub saxlanmasında maraqlıdır və onun təmin edilməsinə hər cür kömək göstərəcəklər.
MTBİ başçısının fikrincə, yaxın gələcəkdə Azərbaycan, ilk növbədə, ölkənin coğrafi-siyasi mövqeyi ilə bağlı bir sıra problemləri həll etməlidir. Azərbaycan böyük potensiala, yüksəkixtisaslı kadrlara malikdir, ona görə də bütün problemlərin həlli mümkündür. O demişdir: “Mən ölkənizi belə bir inamla tərk edirəm ki, gənc və istedadlı prezidentin mahir rəhbərliyi sayəsində dövlətiniz bütün çətinlikləri aradan qaldıra biləcəkdir”.