ABŞ Nümayəndələr Palatası Kolumbiya dairəsinə ştat statusu verilməsinə dair səsvermə keçirəcək
Vaşinqton, 17 iyun, AZƏRTAC
ABŞ Nümayəndələr Palatasında çoxluq təşkil edən demokratlar gələn həftə Kolumbiya dairəsinə 51-ci ştat statusu verilməsinə dair səsvermə keçirəcəklər.
AZƏRTAC xəbər verir ki, səsvermə gələn cümə günü təşkil olunacaq. Əgər qətnamə qəbul edilərsə, o halda bu, Kolumbiyanın ştat qismində Nümayəndələr Palatasında ilk tanınması hesab olunacaq. Lakin qanun layihəsi respublikaçılar tərəfindən nəzarət edilən Senatda müxalifətin qarşısıalınmaz müqaviməti ilə üzləşəcək.
Demokratlar hesab edirlər ki, ştat statusunun verilməsi, xüsusən polis qəddarlığına qarşı son iki həftə ərzində ölkəni bürümüş etiraz aksiyaları fonunda Kolumbiya dairəsi üçün böyük önəm kəsb edir. Məlumdur ki, Vaşinqtonun meri Muriel Bouzer iğtişaşların qarşısını almaqdan ötrü Milli Qvardiyanın silahlı bölmələrinin şəhərə yeridilməsinə sərəncam verən ölkə Prezidentinin hərəkətinə etirazını bildirmişdi.
Kolumbiya dairəsinin statusu hər iki tərəfin bir-birinə qarşı tez-tez istifadə etdiyi siyasi vasitədir. Məsələn, 1993-cü ildə demokratlar tərəfindən nəzarət edilən Konqres respublikaçılar tərəfindən müzakirəyə çıxarılan Kolumbiya dairəsinə ştat statusu verilməsi barədə qanun layihəsinin qəbulunu rədd etmişdi.
AZƏRTAC-ın Vaşinqton bürosu