ABŞ POLİTOLOQLARI AZƏRBAYCANDA SEÇKİLƏRİN RESPUBLİKANIN İNKİŞAFININ DEMOKRATİK XƏTTİNİ TƏSDİQ ETDİYİNİ BİLDİRİRLƏR
Konfransda çıxış edənlərin istisnasız olaraq hamısı əvvəlki seçkilərlə müqayisədə xeyli tərəqqi əldə edildiyini vurğulamışdır. Nikson Mərkəzinin beynəlxalq təhlükəsizlik və energetika siyasəti məsələləri üzrə proqramlarının direktoru Zeyno Baran demişdir: “Azərbaycanda indiki seçkilər əvvəlkindən qat-qat yaxşı keçmişdir”. Politoloqlar müsbət hal kimi onu da nəzərə çarpdırmışlar ki, bu dəfə deputatlığa namizədlərin qeydiyyatı ilə bağlı problemlər olmamış, səsvermə istər yerli, istərsə də xarici KİV-lərdə geniş işıqlandırılmışdır, seçkilərin gedişini isə çoxsaylı müşahidəçilər izləyirdi.
ABŞ Azərbaycanda keçirilmiş seçkilərə ATƏT missiyasının verdiyi qiymətlərə qoşulmuşdur. Dövlət Departamentinin rəsmi nümayəndəsi Adam Ereli bildirmişdir ki, “seçki prosesində müsbət dəyişikliklərin qeydə alınmasına baxmayaraq, ciddi pozuntu və saxtakarlıqlar da olmuşdur. Lakin bu, bütün seçki prosesinə ittiham deyildir”.
Ceymstaun Fondunun eksperti Vladimir Sokorun qeyd etdiyi kimi, respublikada seçki prosesi mükəmməllikdən uzaq olsa da, aşkara çıxarılmış pozuntular seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının qələbəsini şübhə altına almır. Onun fikrincə, Prezident İlham Əliyev öz hərəkətləri ilə əhaliyə sübut etdi ki, o, gələcəyə istiqamət götürmüş siyasətçidir. Halbuki, müxalifət liderləri arasında keçmişə nəzər salmaqla hərəkət edən adamlar çox olmuşdur. Müxalifət dəqiq siyasi proqrama malik deyildir və bu, onun məğlubiyyətini xeyli dərəcədə əvvəlcədən müəyyənləşdirmişdir.
Konfrans iştirakçıları belə bir cəhətə diqqət yetirmişlər ki, Azərbaycan hökuməti ATƏT-dən olan müşahidəçilər missiyasının bəyanatına çox tez reaksiya vermişdir. Azərbaycan rəhbərliyi onların rəylərini qəbul etməklə və mövcud nöqsanları düzəldəcəyinə söz verməklə demokratik xəttə sadiq qaldığını təsdiqləmişdir. Politoloqlar Prezident İlham Əliyevin seçkilərin ertəsi günü verdiyi bəyanatını bu baxımdan müsbət əlamət kimi qiymətləndirirlər. O, bəyanatında söz vermişdir ki, parlament seçkilərinin gedişində pozuntularda bu və ya digər dərəcədə əli olmuş bütün vəzifəli şəxsləri cəzalandıracaqdır. Onlar seçkilərdən sonra müxalifətin ayrı-ayrı nümayəndələrinin vəziyyətin sabitliyini pozmaq cəhdlərinə baxmayaraq, qan tökülməsinə yol verilməməsini də Prezident İlham Əliyevin xidməti hesab edirlər. ABŞ mütəxəssisləri dəfələrlə vurğulamışlar ki, Azərbaycanda demokratikləşdirmə prosesi inqilabi yolla deyil, təkamül yolu ilə getməlidir.
O ki qaldı Amerika-Azərbaycan münasibətlərinə, politoloqlar əmindirlər ki, Azərbaycan ABŞ üçün mühüm strateji tərəfdaş olaraq qalacaqdır. Bu, respublikanın təkcə çox böyük neft ehtiyatlarına malik olması ilə, həm də onun coğrafi mövqeyi ilə izah edilir. Bu mənada Vaşinqton demokratik Azərbaycanı regionda sabitliyin təminatçısı hesab edir. ABŞ genişsəpkili məsələlərdə, o cümlədən energetika, təhlükəsizlik, antiterror mübarizəsi sahəsində Azərbaycanla münasibətləri davam etdirmək niyyətində olduğunu bildirmişdir.