Abşeron rayonunda Qələbə günü qeyd edilmişdir
Xırdalan, 7 may (AZƏRTAC). Mayın 7-də Xırdalanın mərkəzində, “Ana Vətən” monumentinin ucaldıldığı bağda 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 66-cı ildönümünə həsr edilmiş ümumrayon miqyaslı tədbir keçirilmişdir. Bu bayramın əsas qəhrəmanları rayonda yaşayan Böyük Vətən Müharibəsi veteranları olmuşdur.
Şəhərin mərkəzi meydanında toplaşanlar - rayonun, hüquq-mühafizə orqanlarının, bələdiyyələrin, müəssisə və təşkilatların rəhbərləri, habelə çoxu öz uşaqları ilə gəlmiş rayon sakinləri bağa tərəf yönəldilər. Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əbədi məşəl önünə əklil qoydu. Tədbir iştirakçıları müharibədən qayıtmamış döyüşçülərin, eləcə də intizarla gözlənilən Qələbəni yaxınlaşdırmaq üçün arxa cəbhədə fədakarlıqla çalışanların xatirəsini bir dəqiqə sükutla yad etdilər. Cəbhədən qayıtmayanların siyahısında Abşeron rayonunun 136 sakininin də adı vardır. Onlardan ikisi - Mehdi Hüseynzadə və Mikayıl Ələkbərov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşlər.
Rayon mədəniyyət və turizm şöbəsinin bədii özfəaliyyət kollektivləri və xalq teatrının iştirakçıları tematik kompozisiya nümayiş etdirmişlər. Respublikanın Əməkdar Artisti, şəhid atası Firuz Xudaverdiyev və Əməkdar Artist Şükufə Musayevanın çıxışları xüsusi maraqla qarşılanmışdır.
Bayram şənliyindən sonra Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Böyük Vətən Müharibəsi veteranı, birinci qrup əlil Dadaş Muradovun qonağı olmuşdur. Rayon rəhbəri D.Muradovu bayram münasibətilə təbrik etmiş, onun tezliklə sağalmasını arzulamışdır. Böyük Vətən Müharibəsi veteranlarının rayon cəmiyyətinə 15 il rəhbərlik etmiş D.Muradov ölkə Prezidenti İlham Əliyevlə görüşü barədə təəssüratlarını bölüşmüş, onun veteranlara göstərdiyi daimi qayğıya görə təşəkkürünü bildirmişdir.
Xatırladaq ki, dövlətimizin başçısı İlham Əliyevin Qələbə gününün 65 illiyinin bayram edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar “Xırdalandan uzaqlarda” adlı kitab nəşr edilmişdir. Bu kitabda Abşeron rayonunun müharibə cəbhələrindən qayıtmamış 55 könüllüsü haqqında sənədli materiallar və fotoşəkillər toplanmışdır. Kitabın müəllifləri Mirzəbala Aslanov və Elimxan Mehrəliyev AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı bildirmişlər ki, bu seriyadan ikinci kitab nəşrə hazırlanmışdır. Həmin kitabda müharibənin bütün əzab-əziyyətindən keçərək Berlinə qədər getmiş, qayıdandan sonra isə Vətənin firavanlığı naminə quruculuqda fəal iştirak etmiş insanlardan bəhs edilir.
######
